Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.06.2017 10:47
  • A-
  • A
  • A+

"Yeni Fikir - 2017" startap müsabiqəsinin qalibləri müəyyən olunub

"Yeni Fikir - 2017" startap müsabiqəsinin qalibləri müəyyən olunub

Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı və AMEA Yüksək Texnologiyalar Parkının (YTP) əsas tərəfdaşlığı ilə reallaşdırılan "Yeni Fikir - 2017" startap müsabiqəsinin final mərhələsi keçirilib.

11 startap layihəsinin iştirak etdiyi finalda 5 komanda qalib olub. 1-ci yerə layiq görülən komandaya müsabiqənin baş sponsoru AMEA YTP tərəfindən 10 min manat pul mükafatı təqdim edilib. 2-ci və 3-cü yer sahiblərinə isə müsabiqəyə tərəfdaş olan özəl şirkətlər tərəfindən müvafiq olaraq 5 min manat və 2 min 500 manat pul mükafatı verilib. Bundan əlavə, qaliblər ABŞ-da yerləşən Silikon vadisinə gediş-gəliş üçün təyyarə bileti və digər müxtəlif mükafatlara layiq görülüblər.

Qaliblərin mükafatlandırılma mərasimində Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək təqdim olunan layihələrin fərqli istiqamətlərdə olmasını sevindirici hal kimi qiymətləndirib. Qeyd edib ki, Prezident İlham Əliyevin gənclər üçün yaratdığı imkanlar onların startaplara marağını artırıb.

Sonra BMU-nun rektoru, professor Havar Məmmədov çıxış edərək rəhbərlik etdiyi qurumun elmi potensialının "Yeni Fikir" layihəsini müvəffəqiyyətlə həyata keçirməyə imkan verdiyini söyləyib.

Tədbirdə AMEA YTP-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev innovativ düşüncənin inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb. Alim BMU ilə əməkdaşlıq müqaviləsi bağlandığını və gələcəkdə bu istiqamətdə daha da uğurlu layihələrə imza atacaqlarını qeyd edib.

Qeyd edək ki, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılması, təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, ölkənin və regionun inkişafında rol oynaya biləcək beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması layihənin əsas məqsədlərindəndir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: