www.science.az
07.06.2017 11:57

Dendrologiya İnstitutuna səyahətlər əyləncəli-metodik layihələr əsasında təşkil edilib

Dünyanın bir çox ölkələrində biologiya və ekologiyanın tədrisi məqsədilə botanika bağlarına, dendrarilərə səyahətlərin təşkili əyləncəli-metodik layihələr əsasında həyata keçirilir.

AMEA-nın Dendrologiya İnstitutunda belə layihələrin həyata keçirilməsi istiqamətində geniş işlər aparılır. İnstitutun elmi işçisi Pərvin Şıxəliyeva tərəfindən ekologiya və biologiyanın tədrisinin əyləncəli məşğələlər əsasında keçirilməsi təşkil edilib. Bu cür layihələr şagirdlərdə praktik bacarıqların daha yaхşı inkişaf etməsinə, gənc səyahətçilərin təbiətə marağının artmasına səbəb olur.

Təcrübələr göstərir ki, dendroloji parkda tətbiq edilən belə layihələr respublikamızda uşaq və gənclərin təbiət fənlərini öyrənməsinə motivasiya edir, onlarda təbiətin mühafizəsinə görə məsuliyyət hisslərini formalaşdırmağa yardım edir. 

Dendrologiya İnstitutunda səyahətlərin təşkilində ekologiya və biologiya fənləri üzrə keçirilən məşğələlərin əsas məqsədi – uşaq və gənclərin özlərini təbiətin bir hissəsi kimi dərk etməsi, yerdə bütün canlıların birliyini, varlığının qorunub saxlanılması istiqamətində biliklərin artmasıdır. Eyni zamanda, insanların təsərrüfat fəaliyyətinə dağıdıcı təsirinin qarşısını almasında uşaq və gənclərin düzgün təbiətdən istifadə qaydalarına riayət etməsidir.

Dendroloji parkda məşğələlərin mədəni-kütləvi tədbirlər əsasında keçirilməsi iştirakçılarla yanaşı, səyahətə gələn geniş insan kütləsi üçün də çox maraqlı təəssürat yaratmaqla onları layihədə iştirak etməyə vadar edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.