www.science.az
07.06.2017 11:47

Azərbaycanın görkəmli memarı Cəfər Qiyasinin 75 illik yubileyi qeyd edildi

İyunun 7-də AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə görkəmli memar, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin anadan olmasının 75 illiyinə həsr olunan elmi sessiya keçirilib.

Tədbiri giriş nitqi ilə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli açaraq alimin keçdiyi ömür yolundan söz açıb, onun Azərbaycan mədəniyyətinə, memarlığına verdiyi dəyərli töhfələrdən danışıb. Bildirib ki, C.Qiyasi haqqında danışarkən onun istedadlı memar olması ilə yanaşı, böyük yaradıcılıq və şəhərsalma prosesinin təşkilatçısı kimi fəaliyyətini də vurğulamaq lazımdır. 

Diqqətə çatdırılıb ki, C.Qiyasi fəaliyyəti dövründə ölkəmizin şəhərsalma və memarlıq abidələrinin beynəlxalq miqyasda tanınması, onların dünya abidələri sırasında yer alması kimi məsələlərə xüsusi önəm vermişdir. Alimin layihələri əsasında 15 bina və abidə inşa edilmiş, elmi rəhbərliyi ilə hazırlanmış “Qobustan qoruğu”, “Suraxanı atəşgahı”, “Naxçıvan türbələri” obyektləri Dünya İrsi Siyahısına salınması üçün YUNESKO-ya təqdim edilmişdir.

Yubiley tədbirində professor Rayihə Əmənzadənin “Cəfər Qiyasinin yaradıcılığında Təbriz memarlıq məktəbi”, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Babaşovun “Qarabağ memarlığı Cəfər Qiyasinin yaradıcılığında” və memarlıq üzrə fəlsəfə doktoru Sevinc Tanqudurun “Orta əsr Azərbaycan memarlığının beynəlxalq əlaqələri haqqında Cəfər Qiyasinin tədqiqatları” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, geniş dünyagörüşünə, dərin biliklərə sahib olan C.Qiyasi memarlıq fəaliyyətini istiqamətləndirən şəxsiyyətlərdəndir. Onun memarlıq əsərləri zəngin insanın sənət həyatını əks etdirir. O, “Abşeron boyları”, “Yaxın uzaq ellərdə” (Orta əsr Azərbaycan memarlığının beynəlxalq əlaqələri haqqında), “Qarabağ irsimizin əbədi yaddaşı”, “Nizami dövrü memarlıq abidələri”, “Azərbaycan. Qalalar, qəsrlər”, “Erməni kültür terroru”, “Iğdır soykırım anıtı”, “Azərbaycanın IX-XV əsrlər memarlığı” adlı kitab və monoqrafiyaların, 250-dən çox elmi məqalənin müəllifidir.

Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.