www.science.az
07.06.2017 10:48

“Muzey ayı” proqramı çərçivəsində məktəblilər Bakı şəhərindəki tarixi abidələrlə, mədəniyyət ocaqları ilə tanış olublar

Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Muzeylər və İslam həmrəyliyi” adı altında “Muzey ayı” proqramı təşkil olunub.

Məqsəd məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, Azərbaycanın, eyni zamanda, İslam sivilizasiyasına mənsub olan xalqların milli və mədəni irsi, onların müxtəlif dövrlərə aid qarşılıqlı münasibətləri haqqında məlumat verməkdir.

Proqram çərçivəsində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin şagirdləri paytaxtda fəaliyyət göstərən 16 aparıcı və 11 xatirə, memorial ev muzeylərində ekskursiyada olublar. Bu ekskursiyada 4 min 269 məktəbli muzeylərin kolleksiya fondu ilə tanış olub.

“Muzey ayı” proqramına Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Qız Qalası, “Şirvanşahlar Sarayı Kompleksi”, Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarix Muzeyi, Həsən bəy Zərdabi adına Azərbaycan Milli Təbiət Tarixi Muzeyi, eləcə də daha 15 muzey və ev-muzeyi qoşulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.