www.science.az
05.06.2017 14:36

Akademik Şahin Mustafayev Çində İpək Yolu atlasının hazırlanması layihəsinin ekspertlər görüşündə iştirak edib

AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev 31 may – 1 iyun tarixlərində Çinin paytaxtı Pekin şəhərində keçirilən UNESCO-nun “İpək Yolu üzərində qarşılıqlı mədəni əlaqələrin interaktiv atlası”nın hazırlanması layihəsinin birinci ekspertlər görüşündə iştirak edib.

Tədbirdə UNESCO-nun bu sahədə yeni təşəbbüsü olan İpək Yolunun interaktiv atlasının hazırlanma layihəsi geniş müzakirə olunub. Müxtəlif ölkələrdən – İngiltərə, Fransa, İtaliya, Rusiya, Çin, Koreya, Monqolustan, İran, Özbəkistan və Azərbaycandan Pekinə gəlmiş beynəlxalq ekspertlər layihənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, hazırlanacaq atlasın məqsədi, meyarları, coğrafi və xronoloji hüdudları və digər məsələlər barədə mütəxəssislərin fikirləri dinlənilib.

Görüşün sonunda yekun deklarasiya qəbul edilib. Qeyd olunub ki, bu gün dünyada ekstremizm və savadsızlığın artdığı, ölkələr arasında qarşılıqlı etibarın zəiflədiyi bir dövrdə İpək Yolu atlası bəşəriyyətin ortaq mədəni irsini və xalqların bəşər sivilizasiyasına və tarixi inkişafına töhfələrini bir daha nümayiş etdirməyi nəzərdə tutur.

Qeyd edək ki, akademik Ş.Mustafayev UNESCO-nun “İpək Yolu onlayn platforması” koordinatorlar şəbəkəsinin Beynəlxalq Bürosunun vitse-prezidenti və bu proqramın Azərbaycan üzrə əlaqələndiricisidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.