www.science.az
31.05.2017 17:11

AMEA Naxçıvan Bölməsində bir sıra nəşrlərin təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun “Nanomaterialların alınma metodları” kitabının və həmin institutun İqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın “Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi” monoqrafiyasının təqdimatı olub.

Bölmənin Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək ictimaiyyətə təqdim olunan hər iki nəşr haqqında məlumat verib və müəlliflərə elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra kimya elmləri doktoru Bayram Rzayevin “Müasir dövrdə nanotexnologiyada geniş istifadə olunan nanomateriallar haqqında qiymətli əsər” mövzusunda məruzəsi dinlənilib. B.Rzayev kitabda nanohissəciklərin və nanomaterialların alınmasının fiziki və kimyəvi metodları, bir, iki, üçölçülü kip nanomaterialların hazırlanması və tətbiq sahələri barədə məlumatların yer aldığını bildirib. Qeyd edib ki, nəşrdə nanomaterialların fiziki və kimyəvi xassələri araşdırılaraq onların sintez şəraitləri nəzəri təhlil edilib və bu şəraitə uyğun gələn müvafiq metodlar sistemləşdirilib.  

Tədbirdə institutun İqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun “Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsinə həsr edilmiş əsər” mövzusunda məruzəsi dinlənilib. C.Qasımov bildirib ki, rus dilində üç fəsildən ibarət olan yeni nəşrdə əmək potensialının formalaşması və inkişafı amilləri, əmək potensialından səmərəli istifadəyə demoqrafik dəyişikliklərin təsiri işıqlandırılıb.

Daha sonra məruzə ətrafında institutun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva və İqtisadiyyat şöbəsinin kiçik elmi işçisi Eltun İbrahimov çıxış ediblər.

Sonda müəlliflər tədbirin iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.