Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən bəhs edən kitabın təqdimatı keçirilib
26.05.2017 11:47
  • A-
  • A
  • A+

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən bəhs edən kitabın təqdimatı keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu xarici siyasət haqqında danışıb. Bildirib ki, müstəqilliyimizin ilk illəri ölkəmizdə şəxsi maraqlarını dövlətin mənafeyindən üstün tutan qüvvələrin rəhbərliyi, bunun nəticəsi olaraq geniş vüsət alan ictimai-siyasi gərginlik, hərc-mərclik, anarxiya, özbaşınalıq, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi nəticəsində dərin siyasi və sosial-iqtisadi böhranla müşayiət olunurdu. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə vəziyyət sabitləşməyə başladı, ölkəmizdə əsaslı islahatların təməli qoyuldu. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət strategiyasını, qarşıda duran vəzifələri və prioritetləri müəyyənləşdirdi.

Ə.Həbibbəyli qeyd edib ki, ulu öndərin əsasını qoyduğu xarici siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Azərbaycanın yerləşdiyi regionun geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində mühüm əhəmiyyət kəsb etdiyini söyləyən natiq bildirib ki, Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə münasibətlərində balanslaşdırılmış xarici siyasət yürüdür. Xarici siyasətdə balanslaşdırmanın əsas götürülməsi Azərbaycanın yerləşdiyi regionun həssas olmasından irəli gəlir.

Ölkəmizin tarixinə nəzər salan Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Azərbaycanın xarici siyasəti barədə ətraflı məlumat verib. Bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ilk növbədə qonşuları, beynəlxalq ictimaiyyətin digər üzləri ilə mehriban münasibətlər qurub. 

Tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev və başqaları çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, kitabda əksini tapan 28 məqalədə müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin ayrı-ayrı prioritet istiqamətləri, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlətimizin başçısı İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun uğurları, siyasi-iqtisadi maraqların və milli təhlükəsizlik mənafelərinin təminatında əldə edilmiş nailiyyətlər, dövlətimizin beynəlxalq təhlükəsizlik və iqtisadi münasibətlər sistemindəki rolu və mövqeyi ətraflı təhlil edilib.

Diqqətə çatdırılıb ki, nəşr xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin ali məktəblərin tələbələri və magistrləri, müəllimləri üçün dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: