Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb
26.05.2017 09:10
  • A-
  • A
  • A+

“Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb

Mayın 25-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA Riyaziyyat və Mexanika İnstitutu və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfransda Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “Azərbaycanda riyaziyyatın inkişafı tarixindən” mövzusunda məruzə ilə çıxış edib. M.Mərdanov məruzəsində Azərbaycan riyaziyyat və mexanika elmlərinin inkişafında əvəzsiz xidmətləri olan alimlər barədə məlumat verib. İnstitutun intellektual kadr potensialının formalaşmasında yaxından iştirak etdiyini deyən alim konfransın elm və təhsilin inteqrasiyasına böyük təkan verəcəyini vurğulayıb. 

Sonra Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin İdarəetmənin ümumi problemləri kafedrasının professoru Andrey Fursikov “3D helmholts sistemi ilə əlaqəli normal tip parabolik tənlik və onun qeyri-lokal stabilləşməsi”, Başqırdıstan Dövlət Universitetinin Sterlitamak filialının Riyazi analiz kafedrasının müdiri, Başqırdıstan Respublikası EA-nın müxbir üzvü Kamil Sabitov “Qarışıq tip tənlik üçün qeyri-lokal Frankl məsələsi haqqında”, Tbilisi Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun professoru Tamaz Tadumadze “Gecikən arqumentli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri: həllərin variasiyalı düsturları, optimallaşdırma, həssaslığın analizi”, İvan Franko adına Lvov Milli Universitetinin Diferensial tənliklər kafedrasının müdiri, professor Mikola İvançov “Düzbucaqlı oblastda güclü cırlaşan istilikkeçirmə tənliyi üçün tərs məsələ haqqında”, Sumqayıt Dövlət Universitetinin Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri, professor Fikrət Feyziyev “Modulyar dinamik sistemlər nəzəriyyəsinin inkişafı və müasir problemləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbirdə, həmçinin funksional analiz və funksiyalar nəzəriyyəsi, diferensial tənliklər və riyazi fizika, optimallaşdırma və optimal idarəetmə, riyaziyyat və informatikanın tədrisi metodikasının aktual məsələləri mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: