Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın Naxçıvan Bölməsində yeni kitabların təqdimatı keçirilib
25.05.2017 09:24
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində yeni kitabların təqdimatı keçirilib

AMEA-nın Naxçıvan Bölməsində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” və “Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı monoqrafiyaların təqdimat mərasimi keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək 2006-cı ildən etibarən Naxçıvandakı tarixi mədəniyyət abidələrinin sistemli şəkildə öyrənildiyini, abidələrlə bağlı monoqrafiya, kitablar və məqalələrin hazırlanıb nəşr edildiyini bildirib. O, bu işlərin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” sərəncamı əsasında aparıldığını söyləyib. Qeyd edib ki, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” monoqrafiyasında İslamın yayıldığı dövrlərdə tikilən tarixi-memarlıq nümunələrinin ictimaiyyətə gizli qalan tərəfləri tədqiq olunub.

İ.Hacıyev, həmçinin bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Samirə Həsənovanın həmmüəllifi olduqları “Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı əsərin elmi dəyərindən də bəhs edib. Akademik Naxçıvan tarixində özünəməxsus xidmətləri olan Şahtaxtinskilərin həyatının, siyasi fəaliyyətlərinin öyrənilməsi istiqamətində bir sıra işlərin görüldüyünü xatırladıb. Bildirib ki, Azərbaycan elmində, təhsilində, dövlət quruculuğunda, mətbuat tarixində çox böyük xidmətləri olmuş Şahtaxtinskilərin nümayəndələri barəsində toplanılan materiallar əsasında kitablar, monoqrafiyalar, məqalələr yazılaraq geniş ictimaiyyətə təqdim edilib.

Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Naxçıvanın türk-islam mədəniyyəti abidələrinə həsr olunmuş dəyərli əsər” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin “Naxçıvanın yetirməsi görkəmli dilçi Məhəmməd ağa Şahtaxtlı” mövzusunda məruzələri dinlənilib.

Sonra mövzu ətrafında Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi Nuray Əliyeva çıxış edərək hər iki kitabın üstün cəhətlərini tədbir iştirakçıları ilə bölüşüblər. Qeyd olunub ki,  “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” monoqrafiyasında günümüzədək gəlib çatan məscidlər, mədrəsələr, türbələr, imamzadələr, körpülər, karvansaralar, qalalar, hamamlar, eyni zamanda tarixi-memarlıq nümunələrinin inşa edilmə və bərpa olunması ilə yanaşı, bu abidələri inşa edən bəzi memarlar barəsində məlumatlar da öz əksini tapıb. “Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı nəşrə də toxunan çıxışçılar əsərdə əlifba, terminologiya, tərcümə, ana dilinin saflığı kimi bir sıra vacib məsələlərin yer aldığını söyləyiblər.

Sonda müəlliflər tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: