Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

19.05.2017 09:26
  • A-
  • A
  • A+

Damcılı və Yataqyeri qədim yaşayış düşərgələrində istehsal vasitələri aşkarlanıb

Damcılı və Yataqyeri qədim yaşayış düşərgələrində istehsal vasitələri aşkarlanıb

2016-cı ilin avqust ayından etibarən Qazax rayonu ərazisində yerləşən Damcılı və Yataqyeri qədim yaşayış düşərgələrində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Mənsur Mənsurov və Azad Zeynalovun iştirakı ilə Azərbaycan-Yaponiya arxeoloji ekspedisiya qrupu fəaliyyət göstərir.

Azərbaycan-Yaponiya ekspedisiyasının tədqiq etdiyi başlıca problem Cənubi Qafqazda istehsal təsərrüfatına əsaslanan cəmiyyətin yaranma mərhələsini izləməkdir.

Bu məqsədlə Damcılı paleolit yaşayış məskəni ətrafında yoxlama şurfları qazılıb və 9 kəşfiyyat xəndəyi qurulub. Bunlardan 7-ci və 8-ci qazıntı sahələrində (Damcılı bulağından şərqə) ilkin artefaktlar üzə çıxmağa başlayıb. Nəticədə qədim neolit dövrünə xas olan boz rəngdə sərt çaxmaq daşlarından qoparılmış massiv qəlpələr üzərində diş-diş retuşlu dik ağızlı, dairəvi, yonucu tipli qaşovlar və onlara müvafiq nüvələr, həmçinin ocaq yerləri, fauna qalıqları aşkar edilib.

Neolit təbəqəsində şurfun darlığı, digər tərəfdən qaya dibindən su sızmaları dərinə qazmağa və daha qədim mədəni təbəqələrə enməyə imkan verməyib. Bununla belə çay daşlarından tikinti qalığı, dənəzən, sürtgəc tipli istehsal vasitələrini götürmək mümkün olub. Digər qazıntı yerindən isə yuxarı paleolitə aid nüvələr, Mustye dövrü ilə səsləşən sumağı rəngdə levallua üsulunu göstərən qəlpə tapılıb. Həmçinin Obsidian (dəvəgözü) - vulkan şüşəsindən hazırlanmış xırda lövhədən balıq tutmaq üçün qarmağ (tilov) funksiyalı alət də əldə olunub.

Beləliklə, Azərbaycan paleolitinin banisi Məmmədəli Hüseynovun qeyd etdiyi kimi Mustye, yuxarı paleolit, mezolit, neolit, tunc və son orta əsr dövrünə mənsub materiallar stratiqrafik quruluşda yeni qazıntılarda öz təsdiqini tapıb.

Ümumilikdə Damcılı abidəsində təxminən 80 min il qədimdən 9 min il əvvələdək arxeologiyada mövcud olmuş keçid pillələrinin yadigarlarını izləmək mümkün olub.

Qeyd edək ki, Tokio Universitetinin mütəxəssislərinin iştirakı ilə çöl-tədqiqat işləri bu ilin yay fəslində davam etdiriləcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: