www.science.az
18.05.2017 15:43

“Elektron test sistemi” üzrə treninq iştirakçılarına sertifikatlar təqdim olundu

Cari ilin aprelin sonu və mayın əvvəllərində AMEA rəhbərliyinin tapşırığı ilə İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) ixtisas fənləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili işinin daha da yaxşılaşdırılması məqsədilə AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin məsul əməkdaşları üçün yenidən “Elektron test sistemi”nin istismarı üzrə treninqlər keçirilib. Treninqlərdə AMEA-nın 28 elmi müəssisəsindən 55 nəfər iştirak edib. Treninqdə iştirak edən şəxslərin bilikləri imtahan əsasında yoxlanılaraq qiymətləndirilib. İştirakçılardan 41 nəfəri imtahanlardan uğurla keçib.

Bu gün İnformasiya Texnologiyaları İnstitutunda treninqləri müvəffəqiyyətlə başa vurmuş istirakçılara sertifikatlarların təqdim olunması məqsədilə tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bildirib ki, hazırda təhsil prosesində geniş istifadə olunan test texnologiyaları imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edib ki, AMEA Rəyasət Heyətinin “İxtisas fənləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” 4 noyabr 2015-ci il tarixli qərarına əsasən ixtisas fənləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanları test üsulu ilə keçirilir. Bu prosesdə AMEA-nın elmi müəssisələrinə İKT-nin tətbiqi ilə bağlı texniki dəstəyin göstərilməsi İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb.

Onun sözlərinə görə, AMEA-nın elmi müəssisələrində imtahanların test sistemi əsasında keçirilməsi üçün proqram təminatı institutun mütəxəssisləri tərəfindən hazırlanıb. 28 elmi müəssisənin müraciəti əsasında bu institutlarda imtahanların test üsulu ilə keçirilməsi üçün zəruri texniki avadanlıqların təminatı ilə bağlı məsləhətlər verilib. Hazırda elektron test sistemi bu müəssisələrdə uğurla tətbiq olunur.

Sonda treninqi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.