Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan folklorunda multikulturalizm
18.05.2017 11:15
  • A-
  • A
  • A+

Azərbaycan folklorunda multikulturalizm

Azərbaycanda multikulturalizm siyasətinin banisi olan Heydər Əliyevin əsas tövsiyələrindən biri Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiya olunmasıdır. Əgər biz bu tövsiyəyə əsaslanıb Azərbaycan folklorunun dünyaya inteqrasiyasından danışsaq, ilk növbədə multikultural dəyərlərdən danışmalı olacağıq. Ona görə ki, Azərbaycan folkloru dünya folkloru ilə yaxından səsləşir və bu folklorda başqa xalqlara dərin hüsn-rəğbət ifadə olunur.

Folklorda mültikulturalizmin əsas qaynaqlarından biri arxaik düşüncə tərzi, mifoloji görüşlərdir. Bir-birindən çox uzaq məsafələrdə yaşayan, aralarında heç bir genetik və iqtisadi-mədəni əlaqə olmayan xalqların belə ətraf aləmə oxşar mifoloji münasibət bəsləməsi folklorda bəşəri ideyaların güclənməsinə əsaslı təsir göstərir. Dünya xalqlarının mifologiyasında mədəni qəhrəmanın ilahi mənşəyə bağlanması, sehrli qüvvələrlə əlaqələndirilməsi və haqq-ədalət təmsilçisi kimi təqdim edilməsi folkloru milli eqoizm kimi dar çərçivədən çıxarır. Forma baxımından son dərəcə milli olan folklor məzmunca ümumbəşəri mahiyyət daşıyır. Azərbaycan eposu “Kitabi-Dədə Qorqud”da aslan südü ilə bəslənən Basat; Qafqazın azsaylı xalqlarından olan ləzgilərin “Şarvili” eposunda gün işığından törəyən Şarvili; qırğız eposu “Manas”da almadan törəyən Manas; alman eposu “Nibelunqlar nəğməsi”ndə əjdahanı öldürüb qanında çimən Ziqfrid ilahi mənşə və sehrli qüvvələrlə bağlı qəhrəman kimi məğlubedilməzlik xüsusiyyəti qazanır və haqq-ədalət uğrunda mübarizə aparır. Bu məğlubedilməz qəhrəmanlar əjdaha, Təpəgöz və sair qeyri-adi varlıqlarla yanaşı, insanlarla da vuruşurlar. Epos qəhrəmanlarının vuruşduğu insanlar sırasında başqa xalqların və başqa dinlərin nümayəndələri də varmı? Var. Bəs epos qəhrəmanlarının başqa xalqların və başqa dinlərin nümayəndələri ilə vuruşması milli eqoizmə yuvarlanmaq və multikultural dəyərlərdən uzaqlaşmaq deyilmi? Xeyr. Ona görə ki, eposda, bütövlükdə folklorda insanlar dini və milli mənsubiyyətindən daha çox xeyiri və şəri nə dərəcədə təmsil edib-etməməsi ilə, xeyirxah və bədxah olması ilə fərqləndirilir. Epos qəhrəmanının vuruşduğu insanlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, şəri təmsil edən, haqq-ədalətə qarşı çıxan bədxah insanlardır. Mövzumuz Azərbaycan folkloru olduğuna görə misalı Azərbaycan folklorundan çəkək. Və qeyd edək ki, Azərbaycan eposu “Kitabi-Dədə Qorqud”da Qazan xan başqa dinə mənsub Qıpçaq Məliklə vuruşduğu kimi, islam dininə mənsub Alp Aruzla da, yəni doğmaca dayısı ilə də vuruşmalı olur. Çünki Qazan xanın vuruşduğu Alp Aruz da, Qıpçaq Məlik də şəri təmsil edirlər; həm Qıpçaq Məlik, həm də Alp Aruz Oğuz eli adlı xalq, vətən və dövlət üçün təhlükə törədirlər. 

Azərbaycan folklorunda, eləcə də haqqında danışdığımız “Kitabi-Dədə Qorqud” eposunda başqa xalqlara və başqa dinlərə rəğbətlə yanaşmağın parlaq səhifələri var. “Kitabi-Dədə Qorqud” eposunun adlı-sanlı qəhrəmanlarından olan Qanturalının xristian qızı Selçan xatunu sevməsi və öz sevgilisi yolunda buğa, buğra və aslan kimi 3 vəhşi heyvanla vuruşmaqdan çəkinməməsi belə parlaq səhifələrdən biridir. 

Yeri gəlmişkən qeyd edək ki, məhəbbət mövzusu Azərbaycan folklorundakı multikultural dəyərləri öyrənmək baxımından çox səciyyəvi bir mövzudur. Bu mövzu həm klassik Azərbaycan poeziyasında, həm də Azərbaycan dastanlarında daha çox sufizm fəlsəfəsi əsasında təqdim edilir. Sufizm fəlsəfəsinə görə, gözəl qızın sifətində-simasında Allahın zərrəsi öz əksini tapır. Gözəl qızı sevmək Allahı sevməkdir, gözəl qıza can atmaq Allaha can atmaqdır. Allahı sevmək, Allaha can atmaq, Allaha qovuşmaq idealı ilə yaşayan sənətkar elə bir mənəvi mərtəbəyə ucalır ki, həmin ucalıqda dini və milli ayrıseçkiliyə qətiyyən yer qalmır, sənətkar müsəlman gözəli ilə yanaşı, xristian gözəlini də eyni dərəcədə vəsf edir. Xristian gözəlini vəsf etməyin ən bariz nümunəsini “Əsli və Kərəm” dastanında görürük. Həmin dastanda müsəlman oğlu Kərəmin dəlicəsinə sevdiyi və yolunda hər cür əzaba qatlaşıb öz canından keçdiyi gözəl – xristian dininə mənsub, erməni qızı Əslidir. Azərbaycan şifahi xalq ədəbiyyatında bu mövzunun başqa bir səciyyəvi nümunəsi “Şeyx Sənan” əfsanəsidir. Həmin əfsanədə Şeyx Sənan adlı bir müsəlman ruhanisi Xumar adlı, gürcü əsilli xristian qızına o dərəcədə aşiq olur ki, bu eşqi hər cür dindən, məzhəbdən üstün tutur.

Multikulturalizm və tolerantlığın özünəməxsus ifadəsini xalq gülüşündə, bu gülüşün aparıcı janrlarından biri olan lətifələrdə müşahidə edirik. Lətifə qəhrəmanı başqa xalqların nümayəndələrindən qabaq öz xalqının nümayəndələrinə gülür. Başqa xalqların və başqa dinlərin nümayəndələrinə lətifə qəhrəmanı düşmən kimi yox, dost kimi gülür. Azərbaycan lətifələrinin səciyyəvi qəhrəmanlarından biri olan Molla Nəsrəddindən misal çəkmək istəyirəm. Belə bir lətifə var: Molla Nəsrəddin görür ki, yaşlı bir xristian qadını oturub zülüm-zülüm ağlayır. Molla Nəsrəddin xristian qadından ağlamağının səbəbini soruşur. Qadın deyir ki, gözümün ağı-qarası bircə oğlum var, o da gedib müsəlman qızı alıb, hələ bu azmış kimi müsəlman qızının eşqinə dönüb olub müsəlman. Molla Nəsrəddin qadının sözünə gülüb deyir: ay bacı, sənin evində cəmi 2 müsəlman var – oturub göz yaşı tökürsən. Bəs mən yazıq başıma nə çarə qılım, mənim evimdə nə az, nə çox – düz 10 nəfər müsəlman var. Bu cür Azərbaycan lətifələri Özgədən əvvəl Özünə gülə bilmək kimi sağlam düşüncənin məhsuludur. Öz xalqı ilə yanaşı, Özgə xalqları da sevmək, Öz dini ilə yanaşı Özgə dinlərə də hörmət və ehtiram bəsləmək folklorun bizə aşıladığı, təlqin etdiyi mühüm bəşəri dəyərlərdəndir. Əcdadlarımızın bizə miras qoyduğu bu cür bəşəri dəyərləri qorumaq bizim borcumuzdur.

Muxtar Kazımoğlu – İmanov, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: