Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Məhəmməd ağa Şahtaxtlı irsinə dəyərli töhfə
15.05.2017 12:12
  • A-
  • A
  • A+

Məhəmməd ağa Şahtaxtlı irsinə dəyərli töhfə

Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Samirə Həsənovanın həmmüəllifi olduqları “Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı monoqrafiya işıq üzü görüb.

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə nəşr olunan monoqrafiyada görkəmli maarifçi ədib və naşir Məhəmməd ağa Şahtaxtlının dilçilik irsi araşdırılır. Həmçinin əsərdə Məhəmməd ağa Şahtaxtlının ana dili məsələləri, o cümlədən əlifba, terminologiya, tərcümə, ana dilinin saflığı, dil tədrisi haqqında düşüncə və görüşləri o dövrün mətbuat orqanlarının materialları əsasında ətraflı şəkildə təhlil və tədqiq olunur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri 27 fevral 2006-cı il tarixində “Məhəmməd ağa Şahtaxtlının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələrək Naxçıvan şəhərindəki Kitab evinə görkəmli maarifçi-publisist Məhəmməd ağa Şahtaxtılının adı verilib, onun xatirəsi əbədiləşdirilib. Həmçinin Azərbaycan elmində, təhsilində, dövlət quruculuğunda, mətbuat tarixində böyük xidmətləri olmuş Şahtaxtinsklərin ayrı-ayrı nümayəndələri barədə araşdırmalar aparılıb, onların həyatları arxiv materialları əsasında öyrənilib və bir sıra kitab, monoqrafiya, məqalələr yazılaraq geniş ictimaiyyətə təqdim edilib.

“Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” monoqrafiyası da məhz bu sərəncamın icrası istiqamətində həyata keçirilən növbəti tədbirlərdən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: