Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Almaniyada “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq konfrans keçirilib
12.05.2017 09:11
  • A-
  • A
  • A+

Almaniyada “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq konfrans keçirilib

Mayın 11-də Almaniyanın Auqsburq şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq nəzəri-praktik konfrans keçirilib.

Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov "Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm ideyaları" mövzusunda çıxış edib. Alim çıxışında “Kitabi-Dədə Qorqud” dastanı, Azərbaycan bayatıları, atalar sözləri və əfsanələrində multikultural ideyaların olduğunu söyləyib.

Akademik M.İmanov BBMM tərəfindən çap olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını bu istiqamətdə aparılan mühüm araşdırma işi kimi yüksək qiymətləndirib.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev “Azərbaycan multikulturalizminin ədəbi-bədii, ictimai-siyasi qaynaqları” mövzusunda məruzəsini təqdim edib. Qeyd edib ki, ayrı dinlərə, dillərə mənsub xalqlara qarşı hörmət duymaq və onlara səmimi dostluq münasibəti bəsləmək ilk klassiklərimizin, orta əsrlər və intibah dövrü şairlərimizin, maarifçi demokrat yazarlarımızın yaradıcılığında xüsusi və önəmli yer tutur.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda multikultural və tolerant dəyərləri yaşatmaq naminə multikulturalizmin ictimai-siyasi əsaslarını sistemli şəkildə işlədiyini deyən K.Abdullayev bildirib ki, bu istiqamətdə fərman və sərəncamlar, Konstitusiya bəndləri qəbul edilib.

Tədbirdə Maynz Universitetinin türkologiya fakültəsinin professoru Hendrik Buşotenin “Kitabi-Dədə Qorqud və Nibelunqlar nəğməsi-müştərək təhlil təcrübəsi”, Auqsburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Volfun “Fridrix Rükert və Azərbaycan”, həmin universitetin tələbəsi Kristina Bossauer-Qroisin “Lev Nussimbaumun “Qərbi və Şərqi”, Bolqarıstanın Sofiya Universitetinin tələbəsi Momçil Şopovun “Orta əsrlər Azərbaycan ədəbiyyatında multikulturalizm” mövzusunda məruzələri dinlənilib.

Günün ikinci yarısında konfrans “Müqayisəli multikulturalizm” mövzusunda bölmə iclası ilə işini davam etdirib.

İclasın sonunda Azərbaycanın Gənc Dostları Klubunun üzvləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Konfransın rəsmi bağlanış mərasimində akademik Kamal Abdullayev Azərbaycanın Gənc Dostları Klubuna, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə və Auqsburq Universitetinə tədbirin təşkilinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: