Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Heydər Əliyev ideyaları müasir inkişaf strategiyasının əsasıdır
10.05.2017 09:03
  • A-
  • A
  • A+

Heydər Əliyev ideyaları müasir inkişaf strategiyasının əsasıdır

Tarixin təcrübəsi belə bir həqiqəti sübut edir ki, sosial-mədəni tərəqqinin əsas hərəkətverici qüvvəsi geniş fəlsəfi mənada götürülən ideyadır. Ən qədim zamanlardan müasir texnogen mərhələyəqədərki sivilizasiyanın sosial dinamikasını, onun ayrı-ayrı dövrlərində sosiokulturoloji spesifikasını şərtləndirən əsas amil rolunda da məhz ideya çıxış edir. Tarixin inkişafına təkan vermək gücündə olan ideyalar isə, heç şübhəsiz, keçmişlə gələcək arasında mənəvi-intellektual körpü funksiyasını yerinə yetirməyi bacaran, irs və varis arasında əlaqələri qoruyub saxlamağa qadir, ən əsası isə gələcəyin inkişaf vektorlarını öncədən müəyyənləşdirə bilən dahi şəxsiyyətlərin zəkasında yetişir. Bəşər tarixində öz ideyaları ilə cəmiyyəti irəliyə doğru aparan, bununla da zamanın hərəkət dinamikasını qabaqlayan dahi şəxsiyyətlər çox olmuşdur. 

Azərbaycan xalqının da tarixində belə şəxsiyyətlər kifayət qədərdir. XX əsrdə ümummilli ideyaları və həmin ideyaların gerçəkləşdirilməsinə nail olma bacarığı ilə xalqımızın tarixi taleyində müstəsna rol oynamış ən böyük tarixi şəxsiyyət isə ümummilli lider Heydər Əliyevdir. Məhz Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyi ilə bağlı işıqlı ideyalarının gerçəkləşməsinin nəticəsidir ki, bu gün Azərbaycan müasir dünyada “imzası imzalar içərisində olan” azad və müstəqil bir dövlətdir. 

Artıq müasir ictimai təfəkkürdə belə bir həqiqət tam olaraq normativləşmişdir ki, müasir Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin şah əsəridir. Bu ideya bir az başqa redaktədə belə də ifadə olunur: Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır! Siyasi lider və dövlət münasibətlərinin bu lakonik formulu ideya və onun sosial-siyasi gerçəkləşməsi modelini olduqca uğurlu bir şəkildə ifadə edir. Bəli, müstəqil Azərbaycan Heydər Əliyevin ideyalarından doğulan mükəmməl bir əsərdir. İndi sürətli sosial-iqtisadi inkişaf yolunda olan, müasir dünyanın ən müxtəlif xarakterli risklərindən məharətlə yayınaraq öz inkişaf tempini bir an belə olsun ləngitməyən Azərbaycanın bütün uğurlarının, nailiyyətlərinin əsasında xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyaları dayanır. 

Yuxarıda haqqında bəhs etdiyimiz “lider-dövlət münasibətləri” modelində “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır!” formulu isə ideyanın nəzəri layihədən praktiki gerçəkləşməsinə qədərki bütün titanik fəaliyyəti özündə ehtiva edir. Belə ki, liderin, siyasi xadimin, dövlət başçısının fəaliyyət effektivliyini və xalqın tarixi taleyi qarşısında xidmətlərinin miqyasını şərtləndirən əsas cəhət yalnız ümummilli ideyaya sahib olmaq deyil. Burada ideya və əməl, nəzəri baxış və praktika arasında qarşılıqlı əlaqə də olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycan xalqının yaxın tarixi təcrübəsi göstərir ki, milli ideyanın şəxsiyyətdən cəmiyyətə ötürülməsində, onun əməli tətbiqində həmişə müəyyən çətinliklər olmuşdur. 

XX əsrin ən məşhur sosioloqlarından hesab olunan Frensis Fukuyamanın yanaşmasına görə, bəşər sivilizasiyasının ən qədim institutlarından olan dövlət “hamının hamıya qarşı müharibəsi” kimi özünü göstərən xaos rejimindən qurtulmaq yolunda əldə edilmiş ən unikal təsisatdır. Sosial özünütəşkil modeli kimi tarix səhnəsində dövlətin meydana gəlməsi hər şeydən əvvəl onu yaradan etnosun malik olduğu mükəmməl dövlətçilik təfəkküründən qaynaqlanır. Bu yolun başlanğıcı öz start məqamını yenə də məhz ideyadan - xalqın milli dövlətçilik təfəkküründən götürür. Bu mənada, XX əsrdə Heydər Əliyevin timsalında özünü göstərən dövlətçilik ideyaları xalqımızın uzun əsrlər ərzindəki arzu və istəklərinin də təzahürü idi. 

Heydər Əliyevin titanik fəaliyyətinin elmi-nəzəri baxımdan dəyərləndirilməsi, izah edilməsi istiqamətində həm Azərbaycanda, həm də respublikamızdan xaricdə çoxsaylı tədqiqatlar aparılmış, müxtəlif əsərlər yazılmışdır. Bu dahi şəxsiyyəti müxtəlif aspektlərdən dəyərləndirən əksər tədqiqatçıların fikirlərinə görə, onun fəaliyyətinin əsasında dayanan ən universal keyfiyyətlərdən biri intellektuallıq idi. Dərin zəka sahibi olan Heydər Əliyev istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə ən müxtəlif siyasi, sosial-iqtisadi və mədəni-mənəvi məsələlərin həllində elmi baxışı fundamental yanaşma kimi qəbul etmişdir. Unikal bir idarəçilik bacarığına sahib olan Heydər Əliyevin bütün uğurlarının əsasında da məhz ağıl və zəka dayanmışdır. Bəlkə də elə buna görədir ki, həm sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə Heydər Əliyevin elm siyasəti islahatlar strategiyasının əsas istiqamətlərindən birini təşkil etmişdir.

İdarəçiliyə intellektual yanaşmanın nəticəsidir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyaları 25 ildən artıq bir müddətdə daim müstəqil Azərbaycanla birgə addımlamış, onunla eyni uğur, nailiyyət, tərəqqi və inkişaf taleyi yaşamışdır! Bu ideyalar hazırda Azərbaycanın sabaha uzanan yollarına işıq salmaqdadır! Bu da tamamilə təbiidir. Çünki tarixən böyük insanlar həmişə böyük əməllər sahibi olmuşlar. Onların yaratdıqları zamanın sınağından uğurla çıxaraq cəmiyyətin və bütövlükdə bəşəriyyətin tərəqqisinə xidmət etmişdir. Ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti bu ideyanın tam təsdiqidir. 

Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ulu öndər Heydər Əliyev Azərbaycan elminin inkişafında mühüm xidmətlər göstərmişdir. Onun respublikaya rəhbərliyi illərində elmə həssas münasibətin bütün respublika miqyasında yaratdığı intellektual atmosferdə elm və mədəniyyət xadimləri mövcud elmi potensialın qorunması, inkişaf etdirilməsi işinin milli dövlət quruculuğundakı əhəmiyyətini daha dərindən anlamış, bu amalların gerçəkləşdirilməsi naminə bütün səylərini səfərbər etmişdilər. 

Azərbaycan elminin inkişafında ötən əsrin 70-80-ci illəri xüsusi bir mərhələ təşkil edir. Həmin illərdə Azərbaycanın çoxsaylı elmi uğurları bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə dövlətin elmə müstəsna qayğısı nəticəsində mümkün olmuşdur. Məhz Heydər Əliyevin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətin nəticəsi olaraq Azərbaycan elmi sovet dövründə bir sıra uğurlara imza atmışdır. Xüsusən, neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, həmçinin neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar, filiz və qeyri-filiz, həmçinin digər faydalı qazıntı yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyəti olan tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması, əkinçiliyin, torpaqşünaslığın, meliorasiya və su təsərrüfatının, ərazinin flora, fauna və torpaq ehtiyatları, növ tərkibi, mühafizəsi və səmərəli istifadəsinin elmi problemlərinin öyrənilməsi və s. istiqamətlərdə nailiyyətləri qeyd etmək olar.

Ümummilli lider Heydər Əliyevin sovet hakimiyyəti illərində həyata keçirdiyi elm siyasətinin nəticəsi olaraq əldə edilmiş bu elmi nailiyyətlər həm həmin illərdə, həm də sonrakı müstəqillik mərhələsində Azərbaycanın sosial-iqtisadi inkişafının əsas dayaqlarından olmuşdur.

Uzun illər Azərbaycan sənayesinin sahə, ərazi quruluşunda yaranmış uyğunsuzluqları həll etmək məqsədilə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1970-ci illərin əvvəllərində sənayenin inkişafı, onun strukturunun təkmilləşdirilməsi üçün çoxsaylı proqramlar hazırlanmışdır. Azərbaycanın imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı keçmiş ittifaq hökuməti ilə prinsipial danışıqlar aparan respublika rəhbəri dinamik iqtisadi inkişaf proqramının həyata keçirilməsinə nail olmuşdur. Sənayedə mütərəqqi struktur dəyişiklikləri nəticəsində yeni maşınqayırma, elektronika, yüngül, yeyinti və çoxsaylı emal müəssisələri istifadəyə verilmiş, on minlərlə iş yeri yaradılmışdır. Əmək potensialından səmərəli istifadə edilməsi strateji xətt kimi müəyyən edilmiş, əmək məhsuldarlığı və digər səmərəlilik göstəricilərinin dinamik artımı Azərbaycan iqtisadiyyatının çox güclü inkişaf faktoruna çevrilmişdir. Qeyd olunan bütün bu sahələrdə əldə olunan nailiyyətlərin əsasında Azərbaycan elminin nailiyyətləri dayanırdı. Bu da öz əməli nəticələrini göstərir. 

Xüsusilə fizika, riyaziyyat, informatika və texnika elmlərinin perspektivlərinin müəyyənləşdirilməsində sovet hakimiyyəti illərində ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi strategiya mühüm rol oynamışdır. Nəticədə, 70-ci illərdə Azərbaycanda fizika-riyaziyyat və texnika elmləri sürətlə inkişaf etmiş və dünyada tanınan elmi məktəb kimi formalaşmışdır. Bu isə öz növbəsində ölkə sənayesinin inkişafına töhfəsini vermişdir. 

Respublikada elektrotexnikanın intensiv inkişafı, mikroelektronika, optoelektronika, cihazqayırma və sənayenin digər sahələrinin yüksəlişi məhz yarımkeçiricilər fizikası sahəsindəki fundamental tədqiqatlar nəticəsində mümkün olmuşdur. Bu dövrdə astronomiya, kosmik tədqiqatlar sahəsində də bir sıra mühüm işlər görülmüşdür. Təsadüfi deyildir ki, xalq təsərrüfatı və müdafiə əhəmiyyətli işlərdən sayılan təbiət və onda baş verən proseslərin kosmik tədqiqi keçmiş SSRİ-də ilk dəfə olaraq Azərbaycan Elmlər Akademiyasında aparılmışdır.

1970-1980-ci illərdə Heydər Əliyevin fəaliyyətində milli elmi kadrların yetişdirilməsi mühüm yer tuturdu. Həmin illərdə SSRİ EA-nın müvafiq institutlarında respublikamızın istedadlı gəncləri üçün məqsədli aspiranturalara yerlər ayrılmağa başlandı, elm və təhsil mərkəzlərində təcrübə keçmək üçün mütəxəssislər göndərildi, həmin elm sahəsinin mənimsənilməsi, sonradan ölkəmizə transformasiya olunması istiqamətində müəyyən işlər görüldü. Heydər Əliyevin həyata keçirdiyi həmin uzaqgörən siyasət bu gün də müstəqil Azərbaycan Respublikasının iqtisadi, elmi və hərbi potensialının əsasını təşkil edir. Ölkəmizin dövlət idarəetmə orqanlarında, iqtisadi strukturlarında, elm-təhsil müəssisələrində ulu öndərin yetişdirdyi kadrlar bu gün də uğurla fəaliyyət göstərirlər. 

Heydər Əliyevin islahatlar strategiyasından danışarkən bu ideoloji istiqamət üzərində xüsusi dayanmaq lazımdır. Heydər Əliyev müstəqil Azərbaycanın ideologiyasını “azərbaycançılıq” kimi formalaşdırmışdır. Tarixən Azərbaycanın mütəfəkkir şəxsiyyətləri tərəfindən dəfələrlə gerçəkləşdirilməsinə cəhd olunan bu ideyalar XX əsrdə məhz Heydər Əliyevin miqyaslı fəaliyyəti nəticəsində nəzəri müstəvidən real sosial müstəviyə keçə bilmişdir. Hələ ötən əsrin ortalarında, Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrlərdə Heydər Əliyev həmin ideoloji çərçivələrin imkan verdiyi şəraitdə, hətta bəzən bu çərçivələri aşaraq azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin əməli tətbiqi və bu ideyaların kütləviləşərək milli ideyaya çevrilməsi istiqamətində xeyli işlər görmüşdür. Azərbaycan dilinin dövlət dili elan olunması, neçə-neçə şair və yazıçının, ziyalının təntənəli yubileylərinin keçirilməsi, əsərlərinin kütləvi nəşri, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması istiqamətində, ictimai-humanitar düşüncədə milli müstəqillik ideyalarının formalaşması, hakim ideologiya ilə müqayisədə mərkəzdənqaçma meyillərinin incəsənətin bütün sahələrində güclənməsi, milli və demokratik ruhlu ziyalıların qorunması və s. özündə əks etdirən 70-ci illərin məşhur elmi-mədəni intibahı birbaşa Heydər Əliyevin adı ilə bağlıdır.

1990-cı illərdə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycançılıq ideyası məhz dövlət quruculuğunun əsas ideologiyası səviyyəsinə qaldırıldı. Dövlət dilinin tətbiqi, latın əlifbasına əməli olaraq qayıdış, Füzulinin və “Kitabi-Dədə Qorqud”un yubileyləri, azərbaycanlıların dünya forumu ilə bağlı qərar və sərəncamlar, azərbaycançılıq ideyasını daşıyan elm və sənət xadimlərinin dövlət qayğısı ilə əhatə olunması və s. neçə-neçə tədbirlər məhz bu məqsədə xidmət edən əməli addımlar idi. 

Ötən əsrin 70-80-ci illərində əldə edilən nailiyyətlərə baxmayaraq, 90-cı illərin əvvəlləri vəziyyət tamamilə dəyişdi. Bu dövrdə həm regionda, həm də dünyada olduqca mürəkkəb bir vəziyyət yaranmışdı. Böyük bir geosiyasi məkanda həyatın bütün sahələrini total xaos bürümüşdü. Belə bir şəraitdə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldi və əsaslı dövlət quruculuğu konsepsiyası, yetkin siyasi-ideoloji, sosial-mədəni və iqtisadi mexanizmlər tətbiq etməklə vəziyyəti tamamilə dəyişməyə nail oldu.

Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyası da ümummilli liderin növbəti hakimiyyətə gəlişi ilə yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xaricə üz tutan alimlərimiz tədricən geri qayıtmağa başladılar. Elmlər Akademiyasının fəaliyyətində canlanma baş verdi, yeni istiqamətlər müəyyənləşdi. 

Müstəqillik illərində Heydər Əliyev Azərbaycan elminin inkişafı məqsədilə bir sıra mühüm hesablanmış fərman və sərəncamlar imzaladı. Milli Elmlər Akademiyasının statusu, nizamnaməsinin təsdiqi haqqında 4 yanvar 2003-cü il tarixli fərman bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Böyük öndərin bu addımı Milli Elmlər Akademiyası sistemində əsaslı islahatların aparılmasına, texniki bazanın modernləşdirilərək, beynəlxalq standartlara uyğunlaşdırılmasına, dünya ölkələrinin elm sahəsində əldə etmiş olduğu ən mütərəqqi təcrübənin mənimsənilməsinə, elmi-tədqiqat institutlarında, mərkəzlərdə işin keyfiyyət əmsalının artırılmasına, elmi ictimaiyyətin diqqətinin cəmiyyət həyatı üçün xüsusi aktuallıq kəsb edən problemlərə yönəlməsinə geniş şərait yaratmışdır. 

Həmin illərdə AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatı statusunun verilməsi ilə milli müstəqillik mərhələsində də akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilmiş, onun səlahiyyətləri artırılmış, Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından akademiya qarşısında mühüm vəzifələr qoyulmuşdur. 

Müstəqillik mərhələsində həm Azərbaycanın inkişafında oynadığı mühüm rol, həm də elmi araşdırmalarla əlaqəsi baxımından Heydər Əliyev tərəfindən reallaşdırılan Azərbaycanın yeni neft strategiyasını xüsusi qeyd etmək lazımdır. “Əsrin müqaviləsi” adlandırılan neft müqavilələri, həyata keçirilən enerji layihələri və Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli neft kəmərinin işə düşməsi Azərbaycanın sonrakı iqtisadi inkişafının əsasında dayanan mühüm amillərə çevrildi. “Əsrin müqaviləsi” Azərbaycan alimlərinin neft və qaz yataqlarının kəşfi və işlənilməsi sahəsindəki on illər ərzində apardıqları araşdırmaların məntiqi nəticəsi idi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalandığı mərasimdəki tarixi nitqində Azərbaycanın neft sahəsində çalışan alimlərinin əməyini yüksək qiymətləndirərək bu nailiyyətləri “böyük elmi kəşflər” kimi dəyərləndirmişdir. 

2003-cü ildən bu günə qədərki mərhələ Azərbaycan elminin tarixində xüsusi bir mərhələ təşkil edir. Artıq on beş ilə yaxın bir müddət ərzində Azərbaycanın Prezidenti İlham Əliyev digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli lider Heydər Əliyevin ənənələrini davam etdirir. Hazırda elmi potensialın inkişafı və ondan milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması, xüsusən “elm-iqtisadiyyat” münasibətlərinin müasir dövrün tələbləri baxımından yenidən qurulması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir. 

İlham Əliyev Azərbaycan milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edir. Bu istiqamətlərə uyğun olaraq indi akademiyada köklü islahatlar aparılmaqdadır. 2020-ci ilədək konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulur. Bu islahatların strateji məqsədi isə mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, onu milli dövlətçiliyimizin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına yönəltməsidir. Alimlərimiz belə hesab edir ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir.

Dahilərə məxsus mühüm cəhətlərdən biri onların ideyalarının zamanı qabaqlaya bilməsidir. Bu qanunauyğunluq XX əsrin dahi siyasi xadimlərindən olan Heydər Əliyevin timsalında bir daha öz təsdiqini tapır. Belə ki, zaman fiziki mənasında Heydər Əliyevin yaşadığı illərdən uzaqlaşdıqca biz onun ideyalarına daha da yaxınlaşırıq, onun xalqımızın tarixi taleyi, Azərbaycanın inkişaf perspektivləri haqqında dahiyanə uzaqgörənliklə dediyi fikirlərin doğruluğuna bir daha əmin oluruq. Bu ideyalar Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi tərəqqi yollarına daim işıq salmaqdadır. Bu mənada Azərbaycanın müstəqilliyi kimi, bu müstəqilliyin banisi olan Heydər Əliyev ideyaları da əbədidir və daim xalqımızla birgədir.

Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, YAP sədrinin müavini, akademik

"Azərbaycan" qəzeti, 7 may 2017-ci il

  • Paylaş: