Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə intensiv təlim proqramı keçirilib
10.05.2017 11:02
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə intensiv təlim proqramı keçirilib

6-7 may 2017-ci il tarixlərində "Social Innovation Lab"ın rəsmi təşkilatçılığı, AMEA Yüksək Texnologiyalar Parkının (qızıl sponsor), Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin (bürünc sponsor) dəstəyi ilə dünyanın ən böyük "green" biznes ideya müsabiqəsi olan "ClimateLaunchpad" proqramının ölkə finalına hazırlıq məqsədli intensiv təlim proqramı keçirilib.

Proqram "ClimateLaunchpad" mərkəzi komandasının üzvü, Hollandiyadan ölkəmizə proqram təşkilatçıları tərəfindən göndərilən startap və innovativ texnologiyalar sahəsi üzrə ekspert Hans Vesterhof və lokal təlimçilər tərəfindən aparılıb.

2017-ci ilin avqust ayında keçiriləcək ölkə finalına qədər praktiki təlimlər 14 həftə davam edəcək.

Azərbaycanın bu il ilk dəfə qoşulduğu və 37 ölkənin iştirak etdiyi müsabiqə özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə, proqrama qəbul olunan startaplara və ideya müəlliflərinə çox böyük inkişaf xətti təklif edir.

Proqrama Azərbaycandan 14 komanda seçilib.

Qeyd edək ki, "ClimateLaunchpad" müsabiqəsi 4 əsas mərhələdən ibarətdir:

Mərhələ 1: Bootcamp – 6-7 may 2017-ci il

Proqrama qəbul olunan 14 komanda "ClimateLaunchpad" tərəfindən göndərilən xarici ekspert tərəfindən 8 modul üzərində keçirilən 2 günlük praktikada iştirak edirlər. Burada iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər.

Mərhələ 2: İntensiv ölkə daxili koçinq sessiyaları – may-iyul 2017-ci il

Komandalar 14 həftəlik ölkə daxili koçinq sessiyalarına başlayırlar. Burada komandalar yerli ekspertlər tərəfindən "ClimateLaunchpad"in müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyəcək və özlərini ölkə finalına hazırlayacaqlar.

Mərhələ 3: Ölkə Finalı – 5 avqust 2017-ci il

Ölkə daxili koçinq sessiyalarından sonra komandalar "ClimateLaunchpad"in təmsilçisinin də iştirak edəcəyi münsiflər qarşısında ilk 3 yeri qazanmaq üçün təqdimatlar edəcəklər. Ümumilikdə ölkə finalında ilk 3 yerə çıxan komandalar 2017-ci ilin oktyabr ayında keçiriləcək "Grand Finale"a vəsiqə qazanacaqlar. Bu komandaların finalda iştirakının bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanır.

Mərhələ 4: "Grand Finale" – Limasol, Kipr, oktyabr 2017-ci il

Hər bir ölkənin 3 qalib komandası Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Grand Finale - da ilk 10 yeri tutan startup layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə 95 min avro maliyyə dəstəyi verilir.

Bundan başqa "Grand Finale"da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:

– Birinci yer: 10 min avro

– İkinci yer: 5 min avro

– Üçüncü yer: 2 min 500 avro.

Qeyd edək ki, bu ilin qalib ölkəsi növbəti il "Grand Finale"a ev sahibliyi edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: