Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İnkişaf strategiyasının müəllifi
03.05.2017 09:29
  • A-
  • A
  • A+

İnkişaf strategiyasının müəllifi

Cəmiyyəti istiqamətləndirməyə qadir liderlər əsas olaraq cəmiyyətin maraqlarını bilmək, onları həll etmək və xalqın milli bütövlüyünə nail olmaq xüsusiyyətləri ilə seçilmişlər. Belə xarizmatik şəxsiyyətlər həm də çətin situasiyalarda qarşıda duran vəzifələrin həlli yollarını düzgün müəyyənləşdirmək, insanları milli ideya ətrafında səfərbər etmək, irəli sürdükləri mütərəqqi ideyaları, məqsədləri əzmlə gerçəkləşdirmək qüdrətləri sayəsində Ümummilli liderlik zirvəsinə yüksəlmişlər. Bu gerçəkliklər fonunda XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və rolu daha qabarıq görünür.

Böyük strateqin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası son 25 ildə müstəqil Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaratmış, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirmişdir. Bu strategiya Azərbaycanda milli dövlətçiliyin siyasi, dini və etnik tolerantlığı imperativ kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallıqlarına nəzərən formalaşmış demokratik idarəetmə fəlsəfəsini, milli-mənəvi dəyərlərin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar naminə səfərbər edilməsini, ictimai-siyasi sabitlik amilinə istinad edən yeni iqtisadi inkişaf modelini, bir sözlə, qanunun aliliyini və hakimiyyətlə xalq arasında möhkəm vəhdət yaradılmasının fundamental əsaslarını özündə təcəssüm etdirir. Respublikamızın ötən 25 ildə demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı böyük nailiyyətlər də məhz Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. 

Ötən dövrdə bütün sahələrdə dinamik inkişaf yolu keçmiş Azərbaycan iqtisadi sahədə keçid dövrünü geridə qoyaraq modernləşmə mərhələsinə gəlib çıxmış, keyfiyyətcə yeni mərhələdə cəmiyyətin normal inkişaf ahəngini təmin edən çoxşaxəli siyasi və hüquqi islahatları inamla gerçəkləşdirmişdir. Ən əsası, bu müddətdə xalqın qanı, canı bahasına əldə olunmuş dövlət müstəqilliyi qorunub saxlanılaraq möhkəmləndirilmiş, Azərbaycan xaos və anarxiyadan davamlı inkişafa doğru böyük yol qət etmişdir. Böyük rəhbərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidməti isə Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu prosesinin ictimai şüurda qaçılmaz proses və milli inkişafın strateji xətti kimi qəbul olunmasıdır. 

Sivilizasiyanın hazırkı yüksək inkişaf mərhələsində ümumbəşəri dəyərlərə - demokratik ideallara, insan hüquqlarına hörmət bəsləməyən hansısa dövlətin dünya siyasətində özünə layiq yer tutmasından, qlobal miqyasda cərəyan edən proseslərə nüfuz etməsindən danışmaq qətiyyən mümkün deyildir. Müasir dövrdə inkişaf səviyyəsinin müxtəlifliyinə, demokratik dəyərlərin mənimsənilməsi göstəricilərinin fərqliliyinə baxmayaraq, demək olar ki, bütün ölkələr insan hüquqları prinsiplərinə sadiqliklərini bəyan etmişlər. 

Qədim dövrlərdən başlayaraq, insanlar demokratiya haqqında düşünmüş, azadlığa can atmış, lakin bu, heç də həmişə bütün ölkələrə, bütün xalqlara nəsib olmamışdır. Həqiqi demokratiya isə dövlətin hüquqla bağlılığından, dövlət hakimiyyətinin hüquqla məhdudlaşdırılması və hüquqa tabe etdirilməsindən, vətəndaşların dövlət və onun orqanlarının hər hansı mümkün özbaşınalıqlarından səmərəli müdafiəsinin təşkili ilə sıx şəkildə bağlıdır. Bu reallıqları nəzərə alan Ulu öndər Heydər Əliyev daim vurğulayırdı ki, ictimai-siyasi sabitliyin möhkəm təmələ söykənməsi, insanların iqtisadi azadlığı, yüksək maddi rifah halı, vətəndaş-cəmiyyət münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin mənafelərinin, hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsipinə bütün səviyyələrdə əməl olunması demokratiyanın optimal idarəetmə üsulu kimi dominantlığını təmin etmişdir. 

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın iradəsi ilə hakimiyyətə gəlişinədək Azərbaycanda hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi problemlər hökm sürürdü. XX əsrin sonlarına doğru dünyada cərəyan edən qlobal proseslərin və milli azadlıq hərəkatının nəticəsi kimi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan 1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda demokratik, hüquqi və dünyəvi dövlət olduğunu bəyan etsə də, qarşıya qoyduğu strateji hədəflərə doğru irəliləmək imkanı qazanmamışdı.

Demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini gələcək inkişaf modeli kimi seçmiş respublikamızda hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri elan edilsə də, 1991-1993-cü illərdə rəhbərlikdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması zəminində baş qaldırmış xaotik və ziddiyyətli proseslər - qanunçuluğun, hüquq qaydalarının zəifləməsi, ictimai-siyasi sabitliyin təminatında ciddi problemlərin yaranması, vətəndaşların təhlükəsizliyi üçün real təhdidlərin meydana çıxması, sosial-iqtisadi tənəzzülün dərinləşməsi bu istəyin reallaşmasında ciddi maneəyə çevrilmişdi. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin genişlənməsi, digər tərəfdənsə hakimiyyətdə olan diletant qüvvələrə qarşı ictimai inamsızlığın dərinləşməsi, sosial-iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, xaos və özbaşınalıq, habelə yeni dövrün tələblərinə cavab verən qanunların yoxluğu xalqın demokratik və hüquqi dövlətdə yaşamaq istəyini əlçatmaz ideyaya çevirmişdi.

1993-cü ilin iyun ayında - ölkədə ciddi siyasi böhranın, hərc-mərcliyin, xaos və anarxiyanın hökm sürdüyü bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyət sükanı arxasına keçmiş Ulu öndər Heydər Əliyev cəmiyyətdə demokratiyaya münasibətdə formalaşmış yanlış təsəvvürləri dəyişmək üçün, ilk növbədə, xalqla birlikdə ictimai-siyasi böhranı aradan qaldırmış, cəmiyyətdə yeni mübariz əhval-ruhiyyə yaratmağa nail olmuş, milli birlik yolu ilə dövləti parçalanmaqdan xilas etmişdir. Xalqın milli-mənəvi sərvətinə çevrilmiş milli birlik sayəsində hazırda respublikamızda demokratik dəyərlər qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir. Azərbaycanda həqiqi demokratiya məhz Heydər Əliyevin milli dövlətçilik irsinin təcəssümü kimi formalaşmışdır və bu irs demokratiyanın özbaşınalıq kimi başa düşülməsinə, yaxud da ifrat Qərb demokratiyasının neqativ cəhətlərini özündə ehtiva etməsinə yol vermir. 

“Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq”, - deyən Ümummilli lider Heydər Əliyev demokratik inkişafa insanların daxili azadlığını, mənəvi ucalığını, qanunçuluğa riayət etməsini şərtləndirən mühüm siyasi vasitə kimi yanaşmışdır. Azərbaycan xalqının vahidliyinə çalışan Heydər Əliyev Özünün fitri idarəçilik istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə çulğalaşan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan ədalətli, sivil və demokratik cəmiyyətin möhkəm əsaslarını yaratmış, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet götürmüşdür. Müxtəlif tarixi dövrlərin siyasi təbəddülatları ümummilli problemlərin həllində cəmiyyətin Heydər Əliyev siyasi kursuna olan inamına qətiyyən təsir etməmiş, əksinə, bu inam günü-gündən möhkəmlənmişdir. 

Böyük rəhbər müdrik və qətiyyətli siyasi gedişləri nəticəsində respublikada qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlər həyata keçirmiş, xaos və anarxiya mühitinə son qoyulmuş, hüquqi, siyasi və iqtisadi islahatlara start verilmişdir. Beynəlxalq hüququn müstəqil subyekti olan Azərbaycanda həmin dövrdə demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyaya ehtiyac duyulurdu. Bu zərurəti düzgün qiymətləndirən Ümummilli lider Heydər Əliyev dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbul edilməsini vacib saymışdır. 

Ümummilli liderin rəhbərliyi ilə altı ay müddətində hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Beş bölmə, 12 fəsil və 158 maddədən ibarət Konstitusiyanın 48 maddəsinin sırf insan və vətəndaş hüquq və azadlıqlarını özündə əks etdirməsi Ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təcəssüm etdirmişdir. Konstitusiyada əksini tapmış bu strateji məqsədlər, ilk növbədə, hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”sində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları tam, əhatəli şəkildə təsbit olunmuşdur. 

1995-2003-cü illərdə Azərbaycan Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərlərin mənimsənilməsi, sivil Qərb dəyərlərinə inteqrasiya, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində mühüm uğurlara nail olmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə həyata keçirilən mütərəqqi islahatların başlıca qayəsini məhkəmə-hüquq sisteminin, prokurorluq, polis, ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, qanunların aliliyinin təmin olunması məsələləri təşkil etmişdir. Həmin dövrdə insan hüquqları üzrə bir sıra mühüm konvensiyalara, sazişlərə qoşulan, Avropa Şurasının tamhüquqlu üzvünə çevrilən Azərbaycanda Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, söz, mətbuat, fikir, vicdan azadlıqlarının, çoxpartiyalı sistemin, şəffaf və azad seçki qanunvericiliyinin təmin edilməsi və s. demokratik inkişaf yolunda qazandığımız mühüm nailiyyətlərdəndir. 

Tarixdən məlumdur ki, mütərəqqi ideyalar olmadan insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyildir. Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi məhz Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə Özünü azərbaycanlı sayan Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Ulu öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş, dünya azərbaycanlılarının milli birliyi, diaspor və lobbi quruculuğu istiqamətində ardıcıl addımlar atmışdır. 

Xatırlatmaq lazımdır ki, məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərarında 31 dekabr tarixinin respublikada bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra isə müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılmağa başlanmışdır. 

Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsini irəli sürən Ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır. Ümummilli lider dünya azərbaycanlılarının milli birliyi ilə bağlı demişdir: “Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur. İnanıram ki, əsrlərdən bəri arzusunda olduğumuz və uğrunda mübarizə apardığımız müstəqil və azad Azərbaycan ideyalarının həyata keçirildiyi bu tarixi sınaq anlarında dünyanın hər bir guşəsində yaşayan həmvətənlərimiz bizim ümummilli məqsədlərimizin tam gerçəkləşməsi üçün daha böyük əzmlə çalışacaqlar”.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı - Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Qurultay Azərbaycan diasporunun keçdiyi inkişaf mərhələlərini geniş təhlil etmiş, Azərbaycan icmalarının tarixi Vətənlə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu sahəsində qarşıda duran prioritet vəzifələri müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin I Qurultaydakı dərin məzmunlu nitqində böyük həyəcanla söylədiyi “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir...

Abel Məhərrəmov, Bakı Dövlət Universitetinin rektoru, akademik

"Yeni Azərbaycan" qəzeti, 3 may 2017-ci il

  • Paylaş: