Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.04.2017 14:34
  • A-
  • A
  • A+

Azərbaycan türklərinin etnogenez probleminə həsr olunan tədbir keçirilib

Azərbaycan türklərinin etnogenez probleminə həsr olunan tədbir keçirilib

Aprelin 26-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda fəaliyyət göstərən elmi-nəzəri seminarın növbəti məşğələsi keçirilib.

Seminarın sədri, tarix elmləri doktoru Əsədulla Cəfərov tədbirin bugünkü mövzusunun Azərbaycan tüklərinin etnogenezi və milli inkişaf probleminə həsr olunduğunu bildirib. O, ölkəmizdə etnogenez probleminin olduqca mürəkkəb və çoxşaxəli olduğunu diqqətə çatdırıb.

Sonra institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xaliyəddin Xəlilov “Azərbaycan tüklərinin etnogenezi və milli inkişaf problemi” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi Azərbaycan elmində, əsasən tarix, dilçilik, etnoqrafiya, arxeologiya, antropologiya və digər sahələrdə xalqımızın etnogenez probleminin tarixindən söz açıb. Bildirib ki, sovet dönəmində ilk dəfə olaraq etnoqraf Qəhrəman Qaraqaşlı bu məsələyə toxunmuş və problemin digər elm sahələrinin də cəlb edilməsi yolu ilə araşdırılmalı olduğunu göstərmişdir. Lakin 40-cı illərdən etibarən etnogenez problemi bütün keçmiş sovet elmi məkanında ümumiyyətlə araşdırılmamışdır.

X.Xəlilov qeyd edib ki, XX əsrin 60-90-cı illərində Azərbaycan xalqının etnogenezi probleminin müxtəlif aspektləri  K.Əliyev, S.Əliyarov, R.Göyüşov, Q.Qeybullayev, T. Hacıyev, F. Cəlilov, A. Kərimov, Q.Kazımov, Y.Yusifov və digərləri tərəfindən araşdırılıb. 1984-cü ilin mart ayında isə Tarix İnstitutunda etnogenez probleminə həsr olunmuş xüsusi seminar keçirilib.

X.Xəlilov problemin araşdırılması istiqamətində antropoloq Rəbiyyə Qasımovanın tədqiqatlarını xüsusi qeyd edib. O, müasir dövrdə etnogenez probleminə toxunan tədqiqatçılar içərisində N.Müseyiblinin məqalələrini diqqətə çatdırıb.

Məruzəçi bildirib ki, etnogenez probleminin araşdırılmasında müxtəlif alimlərin və elmi məktəblərin fərqli yanaşmaları vardır. XX əsrin sonlarında Yusif Yusifovun təklif etdiyi “Ulu dil” konsepsiyası isə bu istiqamətdə irəli sürülən nəzəriyyələr içərisində əhatəliyi ilə seçilir. Diqqətə çatdırılıb ki, Əsədulla Cəfərovun ibtidai icma dövründə Azərbaycan ərazisindəki erkən insan toplumlarının təkamülü barədə fikirləri etnogenez probleminin həllində yeni perspektivlər açır.

Məruzəçinin irəli sürdüyü konsepsiyaya görə, Azərbaycan ərazisində etnogenez prosesinin başlanılması ana xaqanlığından (matriaxatdan) ata xaqanlığına (patriarxata) keçid dövrünə təsadüf edir. Bu isə xalkolitin sonu - erkən tunc dövrünə düşür və bu dövrdə müasir Azərbaycan xalqının etnogenez prosesinin əsası qoyulur.

Məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Seminara yekun vuran Ə.Cəfərov bildirib ki, təbii amillərin (coğrafi landşaft, ekoloji durum və s.) əsas rol oynadığı etnogenez prosesi elmi-tədqiqat mövzusu kimi araşdırılmamışdır. Qeyd edib ki, son 25 ildə aparılmış kompleks elmi tədqiqatlar nəticəsində əldə edilmiş arxeoloji, paleoantropoloji, paleogeoloji elmi faktlar əsasında ölkəmizin ərazisində ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və homo sapiens (kamil insan) tipli insanlara çevrilməsi sübuta yetirilmişdir. Bunun əsasında respublika ərazisində ayr-ayrı arxeoloji mədəniyyətlər qeydə alınaraq tədqiq edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: