Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.04.2017 16:25
  • A-
  • A
  • A+

Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib

Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib

AMEA Geologiya və Geofizika İnstitutunda “Cənubi Xəzər neftli-qazlı hövzəsinin təşəkkülünə yeni baxış: mantiya diapirizmi – endogen karbohidrogen flüidlərinin transformasiyası” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov tədbiri açaraq mövzunun əhəmiyyətindən, bu istiqamətdə aparılmış müasir tədqiqatların vacibliyindən danışıb. Bildirib ki, əldə olunmuş nəticələr elmdə böyük marağa səbəb ola bilər.

Sonra institutun Petrologiya şöbəsinin rəhbəri, akademik Arif İsmayılzadənin təqdimatında geniş məruzə dinlənilib. Alim qeyd edib ki, Alp-Himalay qırışıqlıq qurşağının Xəzər-Fars seqmentinin politsiklik təkamülündə karbohidrogen flüidlərinin transformasiyasına malik mantiya aktivləşməsi ilə korrelyasiya olunmuş və qırışıqlıq qurşağının geodinamiki zonal strukturunda şimaldan cənuba doğru ardıcıl təzahür etmiş üç – hersin, kimmeri və alp mərhələli tektonik-maqmatik aktivləşmə müəyyən edilib. Bu proses nəticəsində hersin və alp mərhələlərində Qafqazda nəhəng karbohidrogen yataqlarının təşəkkül tapdığını deyən akademik kimmeri mərhələsində Cənubi Xəzər hövzəsində ekran rolunu oynayan qatın olmaması səbəbindən yalnız Kür çökəkliyində kiçik miqyaslı neft təzahürlərinin yarandığını söyləyib.

A.İsmayılzadə pont mərhələsinin sonunda Messina böhranı nəticəsində Cəbəllütariq boğazının açılması ilə Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi hövzələrinin Atlantik okeanın sularıyla dolduğunu bildirib: "Dartılma qüvvələri mantiya diapirinin inkişafı ilə əlaqədar Cənubi Xəzər hövzəsinin dərinliyə yatmasını və sürətli çöküntüəmələgəlmə ilə müşayiət olunan qum-gil tərkibli 6-7 km qalınlığa malik məhsuldar qatın formalaşmasını və sonradan endogen karbohidrogen flüidlərlə dolmasını stimullaşdırıb".

Akademik Cənubi Xəzər hövzəsinin neft-qazlılığının endogen karbohidrogen flüidlərin transformasiyası yolu ilə gec pliosen dövründə təzahür etdiyini diqqətə çatdırıb.

Sonda məruzə ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: