Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.04.2017 16:17
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd edilib

Naxçıvan Bölməsində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd edilib

AMEA Naxçıvan Bölməsində XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim  Volla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbir Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyi tərəfindən birgə təşkil olunub.

Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamının şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.  Bildirib ki, sərəncama əsasən ölkədə silsilə tədbirlər təşkil olunur. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinin UNESCO və TÜRKSOY miqyasında beynəlxalq səviyyədə qeyd olunması da təkcə Molla Pənah Vaqifə deyil, bütünlükdə Azərbaycan ədəbiyyatına verilən dəyərdir.

Görkəmli söz ustadı M.P.Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti və ictimai fəaliyyəti barədə ətraflı məlumat verən İ.Hacıyev onun Azərbaycanın, ümumiyyətlə, türk dünyasının böyük şairi olduğunu vurğulayıb.

Bölmə sədri 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində şairin məzarı üzərində əzəmətli məqbərəsinin ucaldıldığını xatırladıb. Bildirib ki, məkrli erməni quldur dəstələri tərəfindən işğal olunan Şuşa şəhərində vəhşicəsinə dağıdılan, talan olunan bütün tarixi memarlıq, maddi-mədəniyyət abidələrimiz kimi Vaqifin də məqbərəsi, poeziya evi güllələnib, viran edilib.

Konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin həyatı və yaradıcılığı”, NMR Yazıçılar Birliyinin sədri Asim Yadigarın “Novator şair”, Naxçıvan Dövlət Universitetinin professoru Hüseyn Həşimlinin “Vaqif lirikasının poetik xüsusiyyətləri”, Naxçıvan Dövlət Universitetinin Ədəbiyyat kafedrasının müdiri, professor Əsgər Qədimovun “Qüdsi Vənəndi yaradıcılığında Molla Pənah Vaqif ənənələri”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ramiz Qasımovun “Azərbaycan poeziyasının inkişafında Vaqif zirvəsi”, həmin institutun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədovun “Molla Pənah Vaqif və folklor” mövzusunda məruzələri dinlənilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: