Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.04.2017 15:46
  • A-
  • A
  • A+

Beynəlxalq konfrans iştirakçıları Salyanda böyük mütəfəkkir Əli bəy Hüseynzadənin abidəsini ziyarət ediblər

Beynəlxalq konfrans iştirakçıları Salyanda böyük mütəfəkkir Əli bəy Hüseynzadənin abidəsini ziyarət ediblər

Lənkəranda AMEA Rəyasət Heyəti, A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçirilən IV Beynəlxalq elmi konfransın iştirakçıları Salyan şəhərində Əli bəy Hüseynzadənin abidəsini ziyarət ediblər. Onlar türk dünyasının böyük mütəfəkkirinin xatirəsini ehtiramla yad edərək abidə önünə gül-çiçək dəstələri düzüblər.

Mərasimdə çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı barədə məlumat verib. Bildirib ki, müxtəlif illərdə şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərən Ə.Hüseynzadə bu sahələrin hər birində mühüm nailiyyətlər əldə edib. Alimin XX əsr Azərbaycan publisistikasının inkişafında, jurnalistikanın ictimai fikir tribunasına çevrilməsində müstəsna xidmətləri olub. O, ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərinin tədqiq və təbliği ilə məşğul olub.

“Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları, bayrağın rənglərinin formalaşmasında da böyük mütəfəkkirin xidmətləri danılmazdır. O, öz yaradıcılığında türk xalqlarının tarixinin araşdırılmasına xüsusi önəm verib, onları birliyə, ədalətə çağırıb. Türkçülüyün banisi deyildikdə Əli bəy Hüseynzadənin adı birinci yazılmalıdır”- deyə Y.Mahmudov qeyd edib. 

Tədbir iştirakçıları, həmçinin XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, professor Xəlil Rza Ulutürkün Salyanda ucalan abidəsini də ziyarət ediblər.

Anım mərasimlərində Milli Məclisin deputatı Əli ağa Hüseynov da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: