Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində cari ilin I rübünün yekunlarına dair hesabat dinlənilib
21.04.2017 16:26
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində cari ilin I rübünün yekunlarına dair hesabat dinlənilib

AMEA Naxçıvan Bölməsində 2017-ci ilin birinci rübünün yekunlarına dair Ümumi yığıncaq keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq aparılan elmi-tədqiqat işlərinin Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, təbii sərvətləri, sosial-iqtisadi inkişafı, biomüxtəlifliyi, qədim əlyazmaları və Günəş sistemi cisimlərinə həsr edildiyini bildirib. Qeyd edib ki, cari ilin I rübündə bölmə əməkdaşlarının 156 elmi əsəri nəşr edilib və onlardan 14-ü impakt faktorlu, 114-ü isə beynəlxalq nüfuzlu elmi jurnallarda nəşr olunub. Əməkdaşların 20 monoqrafiya, 8 kitab, 1 dərslik və 232 məqaləsi hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim edilib.

Akademik 2017-ci ilin birinci rübündə bölmənin “Xəbərlər” jurnalının Humanitar və İctimai Elmlər seriyasının, eləcə də “Axtarışlar” jurnalının birinci nömrələrinin çapdan çıxdığını diqqətə çatdırıb. Bildirib ki, hesabat dövründə, həmçinin “Gülüstan türbəsi” (üç dildə), “Qarabağlar Türbə Kompleksi” (üç dildə) məqalələr toplusu, o cümlədən “Dədə Qorqud yurdu - Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası hazırlanıb, “Naxçıvan coğrafiyası” ikicildliyi üzərində işlər davam etdirilir. Bundan əlavə, bölmə tərəfindən hazırlanan “Naxçıvan tarixi” çoxcildliyi kitabı bu ilin fevralında Naxçıvan Muxtar Respublikası mükafatına layiq görülüb.

Akademik “İslam Həmrəyliyi İli” çərçivəsində bölmədə bir sıra tədbirlərin keçirildiyini, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə İdarəsi ilə birgə “İslam mədəniyyəti abidələri” fotoalbomunun və “İslamda müdrik kəlamlar” kitabının hazırlanmasına başlandığını söyləyib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək bölmə institutlarının zəruri cihaz və avadanlıqlarla təmin olunduğunu bildirib. O, elmi tədqiqatların praktikada tətbiqinin vacibliyini vurğulayıb.

İclasda bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev və digərləri çıxış edərək görülən işlər barədə məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: