Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Avropa İttifaqının beynəlxalq ekspertləri ilə görüşüblər
21.04.2017 15:12
  • A-
  • A
  • A+

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Avropa İttifaqının beynəlxalq ekspertləri ilə görüşüblər

Milli Məclisin Elm və  təhsil komitəsinin üzvləri Avropa İttifaqının beynəlxalq ekspertləri ilə görüşüblər.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında keçirilən görüşdə peşə təhsili üzrə Azərbaycan Respublikasının Qanun layihəsi üzrə işçi qrupunun üzvləri, aidiyyatı dövlət qurumları nümayəndələri, beynəlxalq əlaqələr üzrə mütəxəssislər və təhsil ekspertləri iştirak ediblər.

Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Son illərdə Azərbaycanda elm və təhsil sahələrinin inkişafından, dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulmuş prioritet istiqamətlərdən danışan alim bu gün ölkəmizdə peşə təhsilinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb. Akademik İ.Həbibbəyli peşə təhsili üzrə Azərbaycan Respublikası Qanun layihəsinin hazırlıq mərhələsində olduğunu, bu məqsədlə işçi qrupunun üzərinə düşən vəzifələrin xüsusi önəm kəsb etdiyini bildirib. O, adıçəkilən qanun layihəsinin hazırlanmasında müasir dünya və Avropa təcrübəsinin öyrənildiyini, eləcə də Şərq ölkələrinin mövcud modellərinin nəzərdən keçirildiyini və Azərbaycan reallıqlarının əsas kimi qəbul edildiyini diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək ölkəmizdə peşə təhsilinə dövlət dəstəyindən və qarşıya qoyulmuş vəzifələrdən söz açıb.

Avropa İttifaqının eksperti, Azərbaycanda Peşə təhsilinə və təliminə Avropa İttifaqının dəstəyi layihəsinin qrup rəhbəri Herman Sonneveld çıxış edərək peşə təhsili üzrə Avropa modelindən danışıb, müasir dünya standartları haqqında məlumat verib.

Daha sonra Avropa İttifaqının Hüquqi çərçivə üzrə baş eksperti Roger Hessel Avropa İttifaqi tərəfindən maliyyələşdirilən Azərbaycanda peşə təhsili və təliminə Dəstək layihəsini təqdim edib. Dahi Nizami Gəncəvinin “Mahir bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan” məşhur misralarını xatırladan avropalı qonaq mükəmməl peşə təhsilinin hər bir ölkənin qarşısında duran prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Avropa peşə təhsilinə dərindən bələd olan, Hüquqi məsələlər üzrə uzunmüddətli mütəxəssis Firdovsi Mütəllimov və tərcüməçi, layihə köməkçisi İlkin Cəlilov görüş iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırıblar.

Müzakirələrdə Milli Məclisin deputatları - Elm və təhsil komitəsi sədrinin müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, Asim Mollazadə, Ülviyyə Ağayeva və digərləri mövzu üzrə fikir və mülahizələrini bildiriblər.

Digər çıxış edənlər ölkəmizdə mövcud olan peşə məktəbləri, onların hazırkı durumu, müxtəlif səpkili statistik göstəriciləri və s. barədə məlumat verərək adıçəkilən qanun layihəsi üzrə təkliflərini səsləndiriblər.

Görüşdə Azərbaycan Respublikasında Peşə təhsili üzrə strateji Yol xəritəsindən irəli gələn məsələlərin hazırlanacaq Qanun layihəsində öz əksini tapması zərurəti xüsusi vurğulanıb.

Sonda akademik İsa Həbibbəyli yaxın günlərdə bir neçə aidiyyatı dövlət qurumlarının sahə mütəxəssislərini cəlb etməklə İşçi qrupu tərəfindən təhlillər aparılacağını və eləcə də ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin yaxından iştirakını təmin etməklə mövcud əlaqələrin daha da genişləndiriləcəyini, peşə təhsili üzrə birgə diskussiyaların aparılacağını diqqətə çatdırıb. Avropalı ekspertlərlə keçirilən görüşü və dialoqu yüksək dəyərləndirən komitə sədri bu cür səmərəli müzakirələrin bundan sonrakı mərhələlərdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: