Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

21.04.2017 09:54
  • A-
  • A
  • A+

Ordumuzun aprel döyüşlərindəki şücaəti xalqımızın qələbə əzmini gücləndirdi

Ordumuzun aprel döyüşlərindəki şücaəti xalqımızın qələbə əzmini gücləndirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının aprel döyüşlərində şəhid olmuş baş leytenant Əbu Bəkr İsmayılovun xatirəsinə həsr edilən “Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı keçirilib.

Təqdimatdan əvvəl Bilik Fondunun əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

Tədbirdə Bilik Fondunun icraçı direktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov çıxış edərək ölümündən sonra “Azərbaycan Bayrağı” Ordeninə layiq görülən Əbu Bəkr İsmayılovun şərəfli həyat yoluna işıq salan bu kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib. 

Sonra çıxış edən Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas ordumuzun aprel döyüşlərindəki şücaətinin xalqımızın qələbə əzmini gücləndirdiyini bildirib. A.Abbas bu cür kitabların orta və ali təhsil müəssisələrində, həmçinin hərbi hissələrdə yayılmasının zəruriliyini vurğulayıb.

Tədbirdə şəhid Əbu Bəkr İsmayılovun anası Rəna İsmayılova, şəhid pilot mayor Təbriz Musazadə adına Tədris İncəsənət Mərkəzinin direktoru Pərişan Musazadə, yazıçı-publisist Flora Xəlilzadə, hərbi jurnalist Zəminə Xınalı və digərləri çıxış edərək Vətən uğrunda canından keçənlərin daim yüksək qiymətləndirilməsinin gələcək qələbələrə yol açacağını bildiriblər.

Sonda şəhidin həyat və döyüş yolunu əks etdirən foto-slayd nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: