Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.04.2017 13:46
  • A-
  • A
  • A+

Elm və təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Elm və təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Sankt-Peterburq şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyasının Sankt-Peterburq hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib.

Komissiyanın işində ölkəmizi Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini, komissiyanın həmsədri Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində bir sıra nazirlik, komitə və digər dövlət qurumlarının nümayəndələri, o cümlədən, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov da olub.

Əvvəlcə Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Sankt-Peterbuqrdakı barelyefi önünə əklil qoyub.

İclasda S.Məmmədov Rusiya Federasiyası ilə əməkdaşlığın qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslandığını və strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edib. O, Azərbaycan dövlət başçısının uğurlu siyasətinin davamı olan iqtisadi islahatlar barədə ətraflı məlumat verib, aparılan islahatların iqtisadiyyatın inkişafında mühüm rolunu vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikası ilə Sankt-Peterburq hökuməti arasında iqtisadiyyat, səhiyyə, ekologiya, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub, komissiya üzvləri öz fikir və təkliflərini səsləndiriblər.

Komissiyanın iclasında çıxış edən professor Əminağa Sadıqov Azərbaycan hökumətinin elmə göstərdiyi diqqət və qayğını, elm, təhsil və yüksək texnologiyaların inkişafına dəstəyini qeyd edərək fundamental və tətbiqi tədqiqatlar, həmçinin müxtəlif proqramların maliyyələşdirilməsi məqsədilə yaradılmış fondlar barədə məlumat verib. Alim mövcud beynəlxalq elmi əlaqələrdən, son illər elmi əməkdaşlıq sahəsində imzalanmış memorandum, müqavilə və sazişlərdən, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyası ilə Sankt-Peterburqun elm və təhsil müəssisələri arasındakı əlaqələrdən, həyata keçirilən birgə layihələr, tədqiqat işlərindən danışıb. Ə.Sadıqov yaxın gələcək üçün əməkdaşlıq məqsədilə bir sıra konkret təkliflər irəli sürüb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko və vitse-qubernator Sergey Movçanla görüşüblər. Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqun Xüsusi İqtisadi Zonası və İdxalın Əvəz Edilməsi və Lokallaşdırılması Mərkəzi ilə tanış olub, Dövlət Ermitajına ekskursiya edib. Onlar, həmçinin Sankt-Peterburq metrosunda törədilmiş terror aktının qurbanlarının xatırəsini yad edərək hadisə yerinə əklil qoyublar.      

Tədbirlərdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev də iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: