Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.04.2017 16:52
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində folklorşünas alim Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyi qeyd edilib

Naxçıvan Bölməsində folklorşünas alim Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyi qeyd edilib

AMEA-nın Naxçıvan Bölməsində bu qurumun, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və NMR Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli folklorşünas alim, professor Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev görkəmli alimin həyat və yaradıcılığından, folklorşünaslıq sahəsindəki xidmətlərindən söz açıb. Bildirib ki, folklorumuzu sistemləşdirən, toplayan və Azərbaycanda folklorşünaslıq məktəbi yaradan professor M.Təhmasib 12 aprel 1907-ci ildə Naxçıvan şəhərində anadan olub.

“Alimin apardığı elmi-tədqiqat işləri bu gün də Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərli mənbədir” –deyən İ.Hacıyev bildirib ki, şifahi xalq ədəbiyyatının tədqiqində böyük xidmətləri olan folklorşünas alim müxtəlif janrlı tədqiqat əsərləri yazıya alaraq nəşr etdirib. Eyni zamanda o, dastanlarımızın toplanılması sahəsində də ciddi işlər görüb.

Diqqətə çatdırılıb ki, professor M.Təhmasibin rəhbərliyi ilə şifahi xalq ədəbiyyatımızın qədim və zəngin janrı olan dastanlarımızın müxtəlif variantları yazıya alınaraq 5 cildlik “Azərbaycan dastanları” şəklində çap edilib. Onun “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” ssenariləri əsasında eyni adlı filmlər çəkilib, “Bahar”, “Aslan yatağı”, “Çiçəklənən arzular” və digər pyes nağılları teatr səhnələrində uğurla tamaşaya qoyulub.

Akademik İ.Hacıyev cari ildə bölmə tərəfindən nəşri nəzərdə tutulan “Məhəmmədhüseyn Təhmasib:  taleyi və sənəti” məqalələr toplusu barədə də məlumat verib.

Elmi konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Məhəmmədhüseyn Təhmasibin həyatı və yaradıcılığı”, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru Yusif Səfərov “Dastanlarımızın ustad tədqiqatçısı”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədov “Azərbaycan dastanlarının toplanması, tədqiqi və nəşrində Məhəmmədhüseyn Təhmasibin rolu”, Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov “Məhəmmədhüseyn Təhmasib və Azərbaycan kinosu”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Məhəmmədhüseyn Təhmasib və Azərbaycan teatrı” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə M.Təhmasibin Azərbaycan ədəbiyyatşünaslığında müxtəlif istiqamətlər üzrə elmi fəaliyyəti ətraflı işıqlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: