Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.04.2017 14:24
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda 2016-cı ilin yekunlarına həsr olunan elmi-yaradıcılıq müşavirəsi keçirilib

Ədəbiyyat İnstitutunda 2016-cı ilin yekunlarına həsr olunan elmi-yaradıcılıq müşavirəsi keçirilib

Aprelin 11-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 2016-cı ilin yekunlarına həsr olunan “Ədəbi proses-2016” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirildi.

Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda 1976-1984-cü illərdə ardıcıl olaraq ilin ədəbi proseslərinə həsr olunan yaradıcılıq müşavirələrinin keçirildiyini söylədi. Builki yaradıcılıq müşavirəsinin təhlil istiqamətlərinin daha çoxcəhətli və mürəkkəb olduğunu deyən akademik İ.Həbibbəyli bildirdi ki, bu müşavirələr Ədəbiyyat İnstitutunda yeni ədəbi nəslin formalaşmasında, onların istedadlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynayır və bura təqdim olunan məruzələrin elmi səviyyəsi ildən-ilə artır.

AMEA-nın vitse-prezidenti “Ədəbi proses-2016” müşavirəsində publisistika, rus dilində yaranan Azərbaycan ədəbiyyatının da təhlilə cəlb olunduğunu, ədəbi əlaqələrin Azərbaycan-Qərb ədəbiyyatı və Azərbaycan-türk xalqları ədəbiyyatı kimi təsnif edilərək iki istiqamətdə nəzərdən keçirildiyini diqqətə çatdırdı.

Akademik İ.Həbibbəyli ədəbi proses müşavirəsinin məruzələrindən ibarət kitabın nəşri barədə də məlumat verərək bildirdi ki, bugünkü müşavirədə 20 məruzəçi ədəbi prosesin bütün sahələrini əhatə edən müxtəlif mövzularda çıxış edəcəklər.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova “İlin ədəbi mənzərəsi”, filologiya üzrə elmlər doktoru Cavanşir Yusifli “Poeziya”, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı “Roman (tarixi və müasir romanlar)”, filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova “Poves,” filologiya üzrə elmlər  doktoru Vaqif Yusifli “Bölgələrdə ədəbi həyat” və digər mövzularda məruzələr dinlənildi. Məruzələrdə 2016-cı ilin ədəbi mənzərəsinə nəzər salındı, həmçinin rus dilində yaranan Azərbaycan ədəbiyyatı, ədəbi əlaqələr və elmi tədqiqatlarla bağlı müzakirələr aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: