Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” ikicildliyi çapdan çıxıb
21.02.2014 00:00
  • A-
  • A
  • A+

“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” ikicildliyi çapdan çıxıb

Yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadənin “Leyla Əliyev: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” ikicildliyi çapdan çıxıb.

Nəşrdə beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onların havadarlarının köməyilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğından, vəhşiliklərdən, soyqırımdan bəhs olunur. Kitabda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun RF-dakı Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq tədbirlərdən söhbət açılır. Zəngin fakt və sənədlərlə, sübutlarla əhatələnmiş bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli bir toplusu kimi oxucuların diqqət mərkəzində olacaq.

Kitablar “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyi münasibətilə nəşr olunmuşdur.

Müəlliflərin araşdırmalarına xüsusi rəyin və nəşrə “Ön söz"ün müəllifi, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovdur.

AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmiş ikicildliyin baş elmi məsləhətçisi, Milli Məclisin deputatı, bu elmi müəssisənin direktoru, hüquq üzrə fəlsəfə doktoru, professor Aytən Mustafayevadır.

Nəşrin mahiyyəti göstərir ki, “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Şübhəsiz, təqdim edilən kitabları oxuyan və obyektiv təhlil edən hər kəs bu modelin böyüklüyünü və əhəmiyyətini dərk edəcək və gələcək mübarizəmiz, qələbəmiz üçün lazımi nəticələr çıxaracaqdır.

Ümummilli lider Heydər Əliyevin, AR Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qiymətli kəlamlarının da yer aldığı bu kitab mövzu ilə bağlı çoxsaylı materialları əhatə edir.

Müəlliflər nəşrin birinci cildində yer almış “Xocalıya ədalət!” yeni yüzilliyin strateji modeli kimi... və ya “Xocalıya ədalət!” Azərbaycanlılar üçün yeni ideologiya” başlıqlı yazıda qeyd edirlər ki, ideoloji çağırış çərçivəsində biz beynəlxalq terror təşkilatlarının, erməni silahlı birləşmələrinin Dağlıq Qarabağı necə dağıdıb viran qoyduqlarını təhlil etməyi bacarmalıyıq. Belə bir yanaşma metodunu verən “Xocalıya ədalət!” çağırışı imkan yaradır ki, terrora məruz qalmış insanlarımız və ayrı-ayrı yaşayış məntəqələrimiz haqqında ictimaiyyəti, eləcə də bəşəriyyəti, demokratik institutları məlumatlandıraq. “Xocalıya ədalət!"in siyasi uğurlarından biri də budur.

İkinci cilddə Xocalı soyqırımı qurbanlarının, ümumilikdə, həmçinin azyaşlı, yetkinlik yaşına çatmayanların, rayonun qəsəbə və kəndləri üzrə qətlə yetirilənlərin, diri-diri yandırılanların, faciədən sonra indiyədək itkin düşənlərin və digər istiqamətlərdə konkret siyahılar da yer alıb.

Kitablarda Azərbaycan, ingilis, türk və digər dillərdən olmaqla yüzlərlə mənbələrdən, eləcə də internet resursları da daxil olmaqla, ümumilikdə, 350-dək mənbədən istifadə edilib.

Güclü, təkzibedilməz məntiqi fakt və sübutlar, dəlillər və sənədlər əsasında ərsəyə gəlmiş bu kitablar müvafiq mövzuda elmi-tədqiqat aparan alimlər, yazıçı və jurnalistlər, siyasətçilər üçün zəngin materiallar toplusudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: