www.science.az
07.04.2017 09:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktorunu 60 illik yubileyi münasibətilə təbrik edirik!

Aprelin 8-də görkəmli pedaqoq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədovun 60 yaşı tamam olur.

Oktay Səmədov 1957-ci il aprelin 8-də Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə M.F.Axundov adına APRDƏİ-ni (indiki Bakı Slavyan Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. 1978-1980-ci illərdə kənd məktəblərində rus dili müəllimi işləmiş, daha sonra 1981-1984-cü illərdə SSRİ Pedaqoji Elmlər Akademiyasının Milli Məktəbdə Rus Dilinin Tədrisi Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır.

1986-cı ildə "Rus dilinin tədrisi metodikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmləri namizədi elmi dərəcəsini almışdır. Həmin il M.F.Axundov adına APRDƏİ-də əmək fəaliyyətinə başlamış, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 2000-2006-cı illərdə Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin müdiri işləmişdir. Hazırda həmin universitetin Filologiya fakültəsinin Rus dili və onun tədrisi metodikası kafedrasının dosentidir.

O.Səmədov Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru təyin edilmişdir.

Məktəblilər üçün “Tədris toponimlər lüğəti”nin, ali məktəb tələbələri üçün “İşgüzar sənədlərin dili” kitabının həmmüəllifi, o cümlədən 50-dən çox elmi məqalənin müəllifi, bir çox elmi-metodik və elmi-praktik konfransların iştirakçısıdır. Onun rus dilinin tədrisi metodikası, gənclərin təlim və tərbiyəsi, tərcümə problemlərinə dair elmi məqalələri Rusiya, Ukrayna və Türkmənistanın ali məktəblərinin elmi məcmuələrində dərc olunmuşdur.

Tanınmış pedaqoq Oktay Səmədovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.