Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Şəki Regional Elmi Mərkəzinin 2013-cü ildəki elmi və elmi təşkilati fəaliyyəti haqqında hesabat verildi

AMEA Şəki Regional Elmi Mərkəzinin 2013-cü ildəki elmi və elmi təşkilati fəaliyyəti haqqında hesabat verildi

AMEA Rəyasət Heyətinin iclasında Şəki Regional Elmi Mərkəzi 2013-cü ildəki elmi və elmi təşkilati fəaliyyəti haqqında hesabat verib.

Hesabat məruzəsi ilə çıxış edən mərkəzin sədri, geologiya-mineralogiya üzrə elmlər doktoru Zəkəriyyə Əlizadə 2013-cü ildə mərkəzdə ipəkçilik, biokimya, biofizika, bitki müxtəlifliyinin genofondu, geokimya, sellərin öyrənilməsi, folklorşünaslıq və el sənətləri laboratoriyalarında mühüm işlərin həyata keçirildiyini bildirib. O, 8 mövzu üzrə 8 elmi işin icra olunduğunu söyləyib.

Z.Əlizadə İpəkçilik laboratoriyasında yeni əldə olunan hibridlərin bioloji, reproduktiv, texnoloji və məhsuldarlıq üzrə heterozis effekti müəyyən edildiyini və bunun əsasında təsərrüfat üçün çox qiymətli üstünlük kompleksinə malik ilkin seleksiya xətlərinin yaradıldığını bildirib: “Aparılan tədqiqatların səmərəsini daha da artırmaq məqsədi ilə Gəncə İpəkçilik İnstitutu ilə əlaqələr yaradılıb”. Son illərdə antropogen proseslərin sürətlənməsi səbəbli təbii bitki örtüyünün ildən-ilə azalmaq təhlükəsi altında olduğunu qeyd edən məruzəçi bu səbəbdən respublikanın bitki örtüyünə, mədəni və yabanı dərman bitkilərinə dəyən ziyanı qismən azaltmaq məqsədilə “Biokimya” laboratoriyasında, “Şəki-Zaqatala bölgəsində yayılmış yabanı dərman bitkilərinin müxtəlif növlərinin morfoloji, kimyəvi və biokimyəvi xüsusiyyətlərinin öyrənildiyini bildirib.

“Bitki müxtəlifliyinin genofondu” laboratoriyasında isə bölgə ərazisində olan mövcud mədəni və yabanı, meyvə və giləmeyvə bitkiləri ilə genofond bağının zənginləşdirilməsi və onların qorunub gələcək nəslə çatdırılması mövzusu icra olunmaqdadır. Biofizika laboratoriyasında amarant bitkisinin kök, gövdə, yarpaq və çiçəklərindən boyaq maddəsinin alınmasının yeni üsulu işlənib hazırlanmışdır.

Sellərin öyrənilməsi laboratoriyasında Qəbələ rayonu ərazisindən axan dağ çaylarında sel-daşqın hadisələrinin modelləşdirilməsi öyrənilir.

Folklorşünaslıq və el sənətləri laboratoriyasında isə Şəkinin Aydınbulaq, Daşa-ğıl və Göynük kəndlərində məhəllə adları, soylar və ləqəblər” adlı kitabın nəşr edilməsi nəzərdə tutulmuşdur.

Şəki-Zaqatala bölgəsində bütün sənətkarlıq sahələrinin öyrənilməsi, ayrı-ayrı sənət əsərlərinin üzünün köçürülməsi və s. El sənətləri qrupunun əməkdaşları tərəfindən ətraflı öyrənilir.

Z.Əlizadə bildirdi ki, hazırda elmi mərkəzdə 6 elmlər doktoru, 10 fəlsəfə doktoru olmaqla 90 nəfərə yaxın əməkdaş çalışır. 2013-cü ildə mərkəzin əməkdaşları tərəfindən 1 kitab çap edilmiş, 2 kitab çap olunması üçün nəşrə verilmiş və 27 elmi məqalə, 11 tezis (3-ü xarici ölkədə) dərc olunmuşdur.

Mərkəzin illik hesabatı dinlənib müzakirə edildikdən sonra AMEA Rəyasət Heyəti tərəfindən bir sıra qərarlar qəbul olundu. Hesabat ilində mərkəzin apardığı elmi-tədqiqat işlərinin mühüm nəticələri AMEA-nın illik hesabatına daxil edildi.

Respublikada ipəkçiliyin inkişaf etdirilməsi ilə əlaqəli yüksək məhsuldarlığa və texnoloji göstəricilərə malik olan və sənayenin tələblərinə cavab verən yerli cins və hibridlərin, həmçinin yem bazasının yaradılması istiqamətində aparılan araşdırmaların davam etdirilməsi, Şəki-Zaqatala bölgəsinin dağlıq və dağətəyi ərazilərində yayılmış yabanı dərman bitkilərinin kimyəvi və biokimyəvi xüsusiyyətlərinin öyrənilməsi və qiymətli nümunələrinin qorunub saxlanılması məqsədilə müvafiq təkliflərin hazırlanması, Kişçay və Şinçay hövzələrindəki sel ocaqları süxurlarının geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi işlərinin genişləndirilməsi, Sel və daşqın hadisələrinin öyrənilməsində riyazi və kompüter modelləşdirməni öyrənilməsi və proqnozlaşdırılmasına aid işlərin icrasının davam etdirilməsi tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: