Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Lənkəran Regional Elmi Mərkəzi fəaliyyəti haqqında hesabat verdi
20.02.2014 00:00
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzi fəaliyyəti haqqında hesabat verdi

AMEA Rəyasət Heyətinin iclasında Lənkəran Regional Elmi Mərkəzinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı ilə mərkəzin sədri, fizika-riyaziyyat elmləri doktoru Asəf İsgəndərov çıxış edib.

Hesabat ilində mərkəzdə ekologiya, iqtisadiyyat, folklor, tarix, etnoqrafiya və ədəbiyyat elmləri sahəsində tədqiqatların aparıldığını bildirən A.İsgəndərov mərkəzin Lənkəran Dövlət Universiteti, AMEA-nın müvafiq elmi müəssisələri və regional elmi mərkəzləri ilə birgə apardığı bir sıra elmi-tədqiqat işləri haqqında məlumat verib. Bildirib ki, Cənub regionunun tarixi, mədəniyyəti, adət və ənənələri, təbii sərvətləri, əmək ehtiyatları, flora və faunası, ekologiyası və iqtisadiyyatı ilə bağlı aparılan işlər “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilmişdir.

Bölgənin təbii sərvətlərinə sistematik nəzarət məqsədilə bitki biomüxtəlifliyinin müxtəlif populyasiyalarının ekoloji monitorinqinin aparıldığını bildirən A.İsgəndərov Lənkəran Regional Elmi Mərkəzinin Lənkəran Dövlət Universiteti ilə birgə Avropa İttifaqının elan etdiyi iki TEMPUS qrant layihəsində və bir ERASMUS MUNDUS layihəsində iştirak etdiyini söyləyib.

Hesabat ətrafında müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib. Hesabat ilində elmi mərkəzin elmi-tədqiqat işlərinin mühüm nəticələri qəbul edilərək AMEA-nın illik hesabatına daxil olunub. Lənkəran Regional Elmi Mərkəzi ilə regionda fəaliyyət göstərən sahə elmi-tədqiqat qurumları, ali məktəblər və AMEA-nın müvafiq elmi müəssisələri ilə əlaqələrin daha da genişləndirilməsi, Cənub bölgəsinin sosial-iqtisadi inkişafı, tarixi, folkloru, flora və faunası ilə bağlı elmi-tədqiqat işlərinin davam etdirilməsi və kompleks elmi-texniki proqramların işlənməsi, o cümlədən mərkəz üçün elmi kadrların hazırlanması ilə əlaqədar tədbirlərin görülməsinə dair qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: