Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

28.03.2017 17:52
  • A-
  • A
  • A+

"Qarabağın paleolit düşərgələri" adlı kitab çapdan çıxıb

"Qarabağın paleolit düşərgələri" adlı kitab çapdan çıxıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərovun "Qarabağın paleolit düşərgələri" kitabı çap olunub.

Nəşrin elmi redaktoru tarix elmləri doktoru, professor Abbas Seyidov, rəyçiləri AMEA-nın müxbir üzvü Vəli Əliyev və tarix üzrə fəlsəfə doktoru Ceyhun İsmayılovdur.

"Qarabağın paleolit düşərgələri" adlı əsər Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biri olan Qarabağın dünya şöhrətli Azıx və Tağlar qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunub.

Kitabda çoxtəbəqəli Azıx, Tağlar və Şuşa paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış arxeoloji, paleantoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq edilib. Azərbaycan Respublikasının Qarabağ ərazisində müəyyən olunmuş quruçay, qədim aşel, orta aşel, son aşel, mustye və üst paleolit mədəniyyətlərinin xarakterik xüsusiyyətləri, ulu sakinlərin istifadə etdikləri əmək alətləri, odu kəşf etmələri, ovçuluq, yığıcılıq məşğuliyyəti, o dövrdə ibtidai tikililərin yaranması, neandertal tipli insanların inkişaf edərək homo sapiens (kamil insan) tipli insanlara çevrilməsi Qarabağın ən qədim tarixi maddi mədəniyyət qalıqları əsasında şərh olunub.

Beynəlxalq İNTAS-2000 proqramı əsasında Avropa alimləri ilə birgə aparılmış elmi tədqiqatlar zamanı əldə olunmuş nailiyyətlər kitabda ilk dəfə olaraq çap edilib.

Əsərdə Azıx qədim insan düşərgəsinin tarixini saxtalaşdırmağa çalışan bəzi erməni "tədqiqatçıların" fikirlərinin elmi əsassız olması faktlarla təkzib olunub.

Yeni nəşr arxeoloq, etnoqraf, tarixçi, paleogeoloq, paleoantoloq, paleoantropoloq və tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: