www.science.az
28.03.2017 15:30

İqtisadiyyat İnstitutunda “Strateji yol xəritələri”nin icrası ilə əlaqədar bir sıra mühüm qərarlar qəbul olunub

AMEA İqtisadiyyat İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 22 fevral 2017-ci il tarixli qərarı əsasında müzakirələr aparılıb, bu istiqamətdə elmi müəssisənin üzərinə düşən vəzifələrlə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.

Qərara əsasən, cari və sonrakı illərdə institutun elmi-təşkilati fəaliyyəti “Strateji yol xəritələri”nin qarşıya qoyduğu vəzifələrə hədəflənəcək və bununla bağlı məsələlər nəzarətdə saxlanılacaq.

Elmi müəssisə iqtisadiyyat yönümlü normativ-hüquqi sənədlərin, proqramların hazırlanmasında və ekspertizasında, “Strateji yol xəritələri”nin icrası ilə əlaqəli fəaliyyətlərin monitorinqində iştirak edəcək.

Bundan əlavə, 2017-ci ilin noyabrında “Strateji Yol Xəritələri: prioritetlər və inkişaf perspektivləri ” mövzusunda respublika konfransının keçirilməsi, KİV-də qarşıya qoyulan vəzifələrlə bağlı məqalələrin nəşri, həmçinin dünyanın nüfuzlu beyin mərkəzləri, Azərbaycanın dövlət qurumları, ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi, birgə tədqiqatların aparılması, yüksək ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur.

İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov bildirib ki, artıq bu istiqamətdə ilk addım atılıb və 2017-ci il üzrə elmi tədqiqat, həmçinin doktorant və dissertantların dissertasiya mövzuları müəyyənləşdirilərkən “Strateji yol xəritələri”ndəki prioritetlər nəzərə alınıb. O, “Strateji yol xəritələri”ndəki prioritetlər üzrə mütərəqqi təcrübələrin öyrəniləcəyini və Azərbaycanda tətbiqi imkanlarının qiymətləndirilməsinin həyata keçiriləcəyini deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.