Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Arif Paşayevin 80 illiyi qeyd edilib

Akademik Arif Paşayevin 80 illiyi qeyd edilib

AMEA Fizika İnstitutunda Azərbaycanın görkəmli alimi, elm və təhsil təşkilatçısı, ictimai xadim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Paşayevin anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov A.Paşayevi AR Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən elm və təhsilin inkişafında göstərdiyi xidmətlərə görə “İstiqlal” ordeni ilə təltif olunması və 80 illik yubileyi münasibətilə təbrik edib. Akademikin Fizika İnstitutundakı çoxşaxəli fəaliyyətindən danışan N.Məmmədov onun institutla daim elmi əməkdaşlıq etdiyini vurğulayıb.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Cavad Abdinov A.Paşayevin elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Məruzədə akademikin 1971-96-cı illərdə Fizika İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” laboratoriyasına rəhbərlik etməsi, MAA-ya rektor təyin olunduğu gündən bugünə kimi orada apardığı islahatlardan, elm və təhsilin inkişafı istiqamətində gördüyü işlərdən söhbət açılıb. Bildirib ki, A.Paşayev uğurlu fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə “Şöhrət” və “Şərəf” ordeni, həmçinin, beynəlxalq təşkilatların mükafatlarına layiq görülüb.

Tədbirdə çıxış edən institutun İnformasiya sektorunun rəhbəri, akademik >Çingiz Qacar A. Paşayevlə bağlı mülahizələrini bölüşüb.

AR Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Arif Paşayevin yüksək təşkilatçılıq bacarığı və əməksevərliyi sayəsində böyük nailiyyətlər qazandığını qeyd edib. Vurğulayıb ki, akademik MAA-nın maddi- texniki bazasının yenilənməsinə xüsusi diqqət yetirir. E.Babayev, həmçinin rəhbərlik etdiyi fondun MAA ilə bir sıra layihələr həyata keçirdiyini, onun uğurlu fəaliyyəti nəticəsində akademiyanın ölkədə və dünyada elmi-tədqiqat və tədris ocağı kimi tanındığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən akademik Maqsud Əliyev, AMEA-nın müxbir üzvü Bahadur Tağıyev, professorlar Eldar Qocayev, Səlimə Mehdiyeva və başqaları Arif Paşayevi yubileyi münasibəti ilə təbrik edib, ona gələcək həyatı və elmi yaradıcılığında uğurlar arzulayıblar.

Sonda akademikin həyat və fəaliyyətinə həsr olunmuş film, həmçinin institutun muzeyində sərgi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: