Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Görkəmli biokimyaçı alim Novruz Quliyevin 65 yaşı tamam olur
21.03.2017 10:49
  • A-
  • A
  • A+

Görkəmli biokimyaçı alim Novruz Quliyevin 65 yaşı tamam olur

Martın 22-də ölkəmizdə fotosintezin biokimyası, fiziologiyası və molekulyar biologiyası sahələrində görkəmli alim, Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Məhəmməd oğlu Quliyevin 65 yaşı tamam olur.

Novruz Quliyev 22 mart 1952-ci ildə Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. 1969-cu ildə Cəbrayıl rayonu Soltanlı kənd orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik İnstitutuna göndərilmiş və akademik Cəlal Əliyevin rəhbərlik etdiyi laboratoriyada kiçik elmi işçi vəzifəsində çalışmışdır.

Daha sonra o, Cəlal Əliyevin təşəbbüsü ilə SSRİ Elmlər Akademiyasının Moskva şəhərində yerləşən A.N.Bax adına Biokimya İnstitutunun məqsədli aspiranturasına göndərilmişdir. 1978-ci ildə həmin institutda “Fototrof bakteriyalarda tsiklik adenozinmonofosfat və onun mübadiləsinin fermentləri” mövzusunda dissertasiya işini müdafiə edərək “Biokimya” ixtisası üzrə biologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

Əkinçilik İnstitutunun Bitki fiziologiyası laboratoriyasında elmi fəaliyyətini uğurla davam etdirən N.Quliyev akademik Cəlal Əliyevin Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda təşkil etdiyi laboratoriyada böyük elmi işçi, aparıcı elmi işçi və Fotosintezin biokimyası qrupunun rəhbəri vəzifələrində çalışmışdır. 1988-ci ildə bu qrupun nəzdində formalaşan Fotosintezin biokimyası laboratoriyasına rəhbərlik etmişdir.

O, 1992-ci ildə “Ali bitkilərin karboanhidrazası: struktur-funksional təşkili, tənzimlənməsi və mümkün fizioloji rolu” mövzusunda dissertasiya işini müdafiə edərək, biologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür.

Alimin elmi fəaliyyəti avtotrof orqanizmlərdə fotosintetik fermentlərin və onların tənzimlənməsinin tədqiqinə həsr edilmişdir.

N.Quliyev 170-dən artıq elmi əsərin, o cümlədən Moskvanın nüfuzlu “Nauka” nəşriyyatında çap olunan 1 monoqrafiyanın müəllifidir. Onun elmi işlərinin nəticələri çoxsaylı beynəlxalq konqres, konfrans və simpoziumlarda təqdim olunmuş, dünyanın bir sıra nüfuzlu və yüksək impakt faktorlu jurnallarında dərc olunmuşdur. Alimin əsərlərinə dünyanın nüfuzlu nəşrlərində dəfələrlə istinad edilmişdir.

Biokimyaçı alim tərəfindən ilk dəfə olaraq fototrof bakteriyalarda universal tənzimləyici sistem olan tsiklik adenozinmonofosfat sistemi aşkar edilmiş və bu sistemin həmin orqanizmlərdə rolu haqqında ilkin fikirlər söylənilmişdir. Bitki mənşəli karboanhidraza fermentini homogen şəkildə ayıraraq kristallaşdırmış, fermentin fiziki-kimyəvi xassələrini və struktur-funksional təşkilini hərtərəfli öyrənmiş və onun dördüncü quruluşunun molekulyar modelini təklif etmişdir. Fotosintetik fermentlərin bitkilərin ekstremal şəraitə uyğunlaşmasında və məhsuldarlıq proseslərində rolu aydınlaşdırılmış, alınan nəticələrin abiotik stress amillərinə davamlı mədəni bitki sortlarının seleksiyasında marker kimi istifadə olunması tövsiyyə olunmuşdur. 

N.Quliyevin rəhbərliyi ilə 1 elmlər və 8 fəlsəfə doktoru hazırlanmışdır.

Alim uzun illər Botanika İnstitutunun Elmi Şurasının və institutun nəzdində olan Müdafiə Şurasının üzvü, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının, həmçinin Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvüdür.

2003-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya elmləri üzrə Ekspert Şurasının üzvü, AMEA-nın Xəbərləri (biologiya elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvü  olmuşdur.

1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

N.Quliyev 2005-ci ildən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini kimi nazirliyin nəzdində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin fəaliyyətinə rəhbərlik edir.

Elmi-pedoqoji sahədə səmərəli fəaliyyətinə görə N.Quliyev 2012-ci ildə AMEA-nın Fəxri Fərmanına layiq görülmüşdür.

Görkəmli biokimyaçı alimi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: