Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Litvada Cəlil Məmmədquluzadənin dram və nəsr əsərlərindən ibarət kitabın təqdimatı keçirilib
17.03.2017 12:30
  • A-
  • A
  • A+

Litvada Cəlil Məmmədquluzadənin dram və nəsr əsərlərindən ibarət kitabın təqdimatı keçirilib

Litvanın Vilnüs Universitetinin kitabxanasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü və bu ölkədəki səfirliyimizin dəstəyi ilə böyük ədib Cəlil Məmmədquluzadənin Litva dilinə tərcümə edilmiş seçilmiş dram və nəsr əsərlərindən ibarət “Nigarançılıq” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Litva Elmlər Akademiyasının prezidenti Valdemaras Razumas, Vilnüs Universitetinin rektoru Arturas Jukauskas, Litva Seyminin insan hüquqları üzrə komitəsinin rəhbəri, Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik, Litvanın tanınmış ictimai xadimləri, Vilnüs Universitetinin professor və müəllim heyəti, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabın tərcüməçilərindən biri, Litva azərbaycanlıları icmasının sədri Mahir Həmzəyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı barədə qısa məlumat verib.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib. Səfirliyin əsas fəaliyyət istiqamətlərindən birinin də ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına yönəldiyini bildirən diplomat tədqiqatçı alim, akademik İsa Həbibbəylinin təşəbbüsünə böyük məmnunluqla qoşulduqlarını vurğulayıb və bu gün ölkələr arasında ikitərəfli münasibətlərdə yeni səhifənin açıldığını qeyd edib.

Tədbirdə Vilnüs Universitetinin rektoru Arturas Jukauskas, Vilnüs Universiteti kitabxanasının direktoru İrena Kriviene fərqli millətlərin və insanların əlyazmaları, kitabları toplanmış kitabxananın fonduna Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin “Nigarançılıq” adlı kitabının daxil edildiyini bildiriblər.

Daha sonra akademik Teymur Kərimli təqdimat iştirakçılarını AMEA-nın rəhbərliyi adından salamlayıb. Azərbaycan ədəbiyyatının qədim və zəngin ənənələri olduğunu söyləyən akademik Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Mirzə Fətəli Axundzadənin və digər ədiblərimizin öz əsərləri ilə bəşəriyyətin mədəniyyət xəzinəsinə dəyərli töhfələr bəxş etdiyini bildirib.

Bildirib ki, cəhalətə, savadsızlığa, despotizmə qarşı mübarizə aparan Mirzə Cəlil əsərləri ilə tək Azərbaycan xalqının deyil, Şərq və dünya xalqlarının da tərəqqisinə, inkişafına xidmət edib.

Qeyd edək ki, kitabın təqdimatı Litvanın televiziya kanallarında işıqlandırılıb, nəşr haqqında nüfuzlu informasiya agentlikləri və İnternet portallarında məqalələr dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: