Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.03.2017 09:45
  • A-
  • A
  • A+

AMEA Gənc Alim və Mütəxəssislər Şurası cari ildə yeni layihələr həyata keçirəcək

AMEA Gənc Alim və Mütəxəssislər Şurası cari ildə yeni layihələr həyata keçirəcək

Kataliz və Qeyri üzvi Kimya İnstitutunda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

Gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verən şura sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bu yaxınlarda AMEA Rəyasət Heyəti tərəfindən 2016-cı il üzrə illik hesabatın, həmçinin 2017-ci il üzrə ümumi Fəaliyyət Planının təsdiq olunduğunu vurğulayıb. Cari ildə də ənənəvi tədbirlərin davam etdiriləcəyini, əlavə olaraq bir sıra yeni layihələrin reallaşdırılacağını söyləyən F.Salmanov bildirib ki, belə layihələrdən biri magistrantların elmə marağının artırılmasını hədəfləyən "Magistr-2017" müsabiqəsidir. Onun sözlərinə görə, şuranın təşəbbüsü ilə ərsəyə gələn və AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsi ilə birgə həyata keçirilən “Magistr-2017” müsabiqəsi ilə bağlı hazırlıq işləri tam başa çatıb.

Növbəti "Texnostar" innovativ layihə müsabiqəsi barədə məlumat verən F.Salmanov layihə çərçivəsində AMEA Yüksək Texnologiyalar Parkı ilə birgə hazırlıq işlərinə başlandığını bildirib.

Şura sədri "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına həsr olunan "İslam ölkələrinin gənc alimlərinin beynəlxalq konfransı" barədə də məlumat verərək qeyd edib ki, bu mötəbər tədbir 24-28 aprel 2017-ci il tarixlərində AMEA-nın və AR Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq: "Konfransın yüksək səviyyədə keçirilməsi üçün yerli şura sədrləri üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməli, konfransın prioritet mövzularına uyğun gənclərin iştirakını təmin etməlidirlər".

Tədbirdə cari ilin oktyabrında keçiriləcək Gənc Alimlərin I Qurultayı, ənənəvi futbol çempionatına hazırlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Eləcə də bir sıra institutlarda yeni seçilən şura sədrləri iclas iştirakçılarına təqdim olunub.

Gündəlikdə səsləndirilən məsələlərlə bağlı şura üzvləri fikir və rəylərini bildirib, təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: