Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.02.2017 16:47
  • A-
  • A
  • A+

Lerik rayonu ərazisində erkən antik dövrə aid 134 qəbir tədqiq edilib

Lerik rayonu ərazisində erkən antik dövrə aid 134 qəbir tədqiq edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda bu qurumun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərovun sədrliyi ilə elmi seminar keçirilib.

Ə.Cəfərov seminarı açaraq Piboztəpə nekropolundan və institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi altında fəaliyyət göstərən ekspedisiya barədə qısa məlumat verib. Qeyd edib ki, Lerik rayonunun Dırıx zonasında, Gürdəsər kəndinin ərazisində yerləşən Piboztəpə nekropolunda 2012-ci ildən başlayaraq aparılan çöl-tədqiqat işləri zamanı erkən antik dövrə aid 134 torpaq qəbir tədqiq olunub.

Sonra Ceyhun Eminli "Erkən antik dövrə aid Piboztəpə nekropolunda arxeoloji qazıntıların ilkin nəticələri" adlı məruzə ilə çıxış edib. Tədqiqatçının verdiyi məlumata görə, nekropolun aşağı hissəsində antik dövrə aid uşaq qəbirləri aşkarlanıb. Alim ölülərlə birlikdə qəbirə saxsı qabların, tunc və gümüş bəzəklərin, dəmir silahların da qoyulduğunu bildirib.

Onun sözlərinə görə, nekropola yaxın ərazilərdə çöl kəşfiyyat tədqiqatları zamanı daha 20 abidə aşkarlanıb və onların GPS koordinatları qeydə alınmaqla xəritələşdirilib.

Qəbirlərdən tapılmış parça fraqmentlərinin Türkiyənin İstanbul Təbii Boya Araşdırma və İnkişaf etdirmə (DATU) laboratoriyasında analizi göstərib ki, o dövrün əhalisi əsasən təbii boyalarla boyanmış kətan parçalardan geyimlər hazırlayıblar. Keramika materialı və antropoloji tədqiqatlar isə ABŞ-ın Pensilvaniya Universiteti tərəfindən aparılıb. ABŞ-ın Corciya Universitetinin radiokarbon analizləri nekropolun e.ə. IV – III əsrlərə, yaxınlıqda aşkar edilmiş yaşayış yerindən götürülmüş nümunələrin analizi isə onun e.ə. V əsrə aid olduğunu göstərib.

İnstitutun direktoru, professor Maisə Rəhimova, AMEA-nın müxbir üzvü İlyas Babayev və başqaları Piboztəpə nekropolunun Azərbaycan tarixi üçün unikal elmi əhəmiyyətindən, C.Eminlinin başçılığı altında aparılan arxeoloji tədqiqatın uğurlu nəticələrindən söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: