Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü, professor Xəlil Qasımovun 75 yaşı tamam olur
27.02.2017 12:25
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü, professor Xəlil Qasımovun 75 yaşı tamam olur

Fevral ayının 28-də ölkəmizdə tanınmış biofizik alim, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının rəhbəri, Botanika İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Xəlil Məmmədəli oğlu Qasımovun 75 yaşı tamam olur.

Xəlil Qasımov 1942-ci il fevral ayın 28-də Bakı şəhərində anadan olmuşdur. 1960-ci ildə 160 saylı orta məktəbi, 1965-ci ildə isə Bakı Dövlət Universitetini “Fizika” ixtisası üzrə bitirmişdir.

1966-cı ildə AMEA-nın Fiziologiya İnstitutunda elmi fəaliyyətə başlamış, 1967-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə Rusiya Elmlər Akademiyasının (REA) Biofizika İnstitutuna bir illik elmi ezamiyyətə göndərilmişdir. 1968-ci ildə bu institutunun əyani aspiranturasına daxil olmuş, Hüceyrə biofizikası laboratoriyasında fəaliyyət göstərmişdir.

1972-ci ildə REA-nın Biofizika İnstitutunda namizədlik, 1980-cı idə isə həmin müəssisədə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2001-ci ildə “Fiziologiya, biokimya və biofizika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

1980-1996-cı illərdə AMEA Fizika İnstitutunda, daha sonra isə Botanika İnstitutunda laboratoriya rəhbəri vəzifəsində çalışmışdır. 1996-2004-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Fiziologiya kafedrasının professoru olmuşdur.

2008-2014-cü illərdə AMEA-nın Azərbaycan Milli Ensiklopediyasında direktor müavini, sonradan isə direktor müşaviri vəzifələrində çalışmışdır. 2014-2016-ci illərdə AMEA-nın Botanika İnstitutunda laboratoriya rəhbəri işləmişdir. 2016-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının rəhbəri, eyni zamanda, AMEA Botanika İnstitutunun Hüceyrə membranlarının fiziki-kimyəvi xassələri laboratoriyasının baş elmi işçidir.

Xəlil Qasımov hüceyrə membranlarında fəaliyyət göstərən transport sistemlərinin biofizikasını və biokimyasını molekulyar səviyyədə tədqiq edən aparıcı alimlərdəndir. Onun əsas elmi-fəaliyyət istiqamətləri hüceyrə membranlarında mövcud olan transport sistemlərin molekulyar təşkili, qeyri-üzvi və üzvi birləşmələrin membranlardan seçici yolla nəql edilməsi, ion kanalların yaradılması, membranlarda kanalların işləmə prinsiplərinin mexanizminin tədqiqi və membran texnologiyasının nəzəri əsaslarının yaradılmasını əhatə edir.

Alim dünyada ilk dəfə olaraq poliyen antibiotiklərin təsiri altında membranlarda tək ion kanallarını aşkar etmiş və ion kanalların fiziki-kimyəvi xassələrini ətraflı tədqiq etmişdir.  Tədqiqatların nəticələri İngiltərədə “Nature” jurnalında çap olunmuşdur.

X.Qasımovun elmi tədqiqat işləri böyük praktiki əhəmiyyətə malikdir. Laboratoriyada aparılan tədqiqatlar əsasında patogen mikroorqanizmlərə qarşı iki dərman preparatı hazırlanmış və onlara Evrasiya Patentləri verilmişdir. Yaradılan dərman preparatları insan və bitki hüceyrələrində mövcud olan virus, bakteriya və göbələk patogen infeksiyalarına qarşı effektiv təsir göstərərək onları tez bir zamanda məhvetmə gücünə malikdir.

Görkəmli alim 150-dən artıq elmi məqalənin, 2 elmi monoqrafiyanın və 7 patentin müəllifidir. Professorun elmi əsərləri dünyanın aparıcı jurnallarında dərc edilir və beynəlxalq jurnallarda əsərlərinə istinad olunur.

Onun rəhbərliyi ilə 1 elmlər doktoru və 6 fəlsəfə doktoru hazırlanmışdır.

Alim 1985-ci ildən Rusiya EA Rəyasət Heyətində fəaliyyət göstərən “Bioloji membranlar” şurasının üzvüdür.

X.Qasımovun ölkəmizdə gənc kadrların yetişdirilməsi sahəsində də böyük xidmətləri vardır. O, AMEA-da və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbə və magistrantlar üçün “Molekulyar membranologiya” və “Biokimya” ixtisasları üzrə mühazirələr oxuyur.

Görkəmli biofizik alimi 75 illik yubileyi münasibəti ilə təbrik edir, ona elmi və pedaqoji fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: