Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.02.2017 17:56
  • A-
  • A
  • A+

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri müzakirə edilib

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri müzakirə edilib

Fevralın 15-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov “Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə elmi-tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.

Nazim Məmmədov qeyd edib ki, Bölmə XXI əsrin çağırışlarını, Prezident İlham Əliyevin elmi müəssisələrin qarşısında qoyduğu vəzifələri rəhbər tutaraq, yaxın illərdə Azərbaycanda fizika-riyaziyyat və texnika elmləri sahəsində tədqiqatların prioritet istiqamətlərini müəyyən edib. Bildirib ki, ötən il bölmənin elmi müəssisələrində kondensə olunmuş hal fizikası, nüvə və yüksək enerjilər fizikası, informasiya-telekommunikasiya sistemlərinin nəzəri və tətbiqi problemləri və digər prioritet istiqamətlərdə tədqiqat işləri aparılıb. Alimin sözlərinə görə, 2016-cı ildə 19 tədqiqat işinin nəticəsi artıq tətbiq edilməyə başlanıb: “Əlyazma formalarının tanınması üçün kompüter sisteminin alqoritmləri və proqram təminatı işlənilib. Sistem qəbul imtahanları zamanı abituriyentlər tərəfindən doldurulmuş cavab kartlarının tanınması və emalı üçün Dövlət İmtahan Mərkəzində sınaqdan keçirilib və istismara verilib. Bundan əlavə, İdarəetmə Sistemləri İnstitutunda layihələndirilmiş Nəzarət və İdarəetmə sistemləri AzNeft İstehsalat Birliyində kütləvi tətbiq edilməyə başlanılıb”.

2016-cı ildə bölmənin alimlərinin 1068 məqaləsinin nəşr olunduğunu vurğulayan Fizika İnstitutunun direktoru bunlardan 413-ünün SCOPUS və Thomson Reuters bazalarına daxil olan impakt faktorlu jurnallarda, konfrans materiallarında dərc edildiyini deyib.

Hesabat dövründə elmin maddi-texniki bazasının və informasiya təminatı sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərdən danışan Nazim Məmmədov bildirib ki, bu məqsədlə AzScienceNet şəbəkəsinin DATA Mərkəzinin texniki imkanları artırılıb, şəbəkənin internetə çıxış sürəti 1,41 Gbit/s-ə çatdırılıb.

Alim hesabat ilində bölmənin dörd institutunda magistraturaya qəbul prosesinin aparıldığını qeyd edib: “Hazırda institutlarımızda 22 magistrant təhsil alır. Bölmənin əməkdaşları respublikamızla yanaşı, Türkiyə, Almaniya, Böyük Britaniya, ABŞ, Meksika, Səudiyyə Ərəbistanı və digər ölkələrin universitetlərində professor, dəvətli professor kimi pedaqoji fəaliyyətlə məşğul olur, ixtisas kursları aparır, bakalavr və magistr işlərinə elmi rəhbərlik edirlər.

Ötən il ölkə ərazisində radiasiya fonu və radioaktivlik üzrə tədqiqatların aparıldığını vurğulayan Nazim Məmmədov bildirib ki, cəbhəyanı rayonların erməni hərbi birləşmələri tərəfindən atəşə tutulması nəticəsində zərərçəkmiş yaşayış məntəqələrinin, əkin sahələrinin bakterioloji, radioloji və kimyəvi çirklənmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə kompleks xarakterli ekspres təhlillər aparılıb.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb və hesabat qənaətbəxş hesab edilib. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə elmi-tədqiqatların prioritet istiqamətləri təsdiq edilib, bir sıra tapşırıqlar verilib.

Sonra bir sıra elmi-təşkilati məsələlərə baxılıb. Rəyasət Heyəti “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə 2017-ci il üçün müsabiqələrin elan olunması və müvafiq işlərin görülməsi haqqında qərar qəbul edib.Gündəlikdə yer alan növbəti məsələ AMEA üzvlüyünə seçkilərlə əlaqədar olaraq Akademiyanın elmi bölmələrində Ekspert komissiyalarının yaradılması haqqında olub. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Rəyasət Heyəti tərəfindən seçkilərin keçirilməsi haqqında 7 dekabr və 14 dekabr 2016-cı il tarixli qərarların qəbul edildiyini xatırladıb. Qeyd edib ki, AMEA-nın elmi bölmələri tərəfindən üzvlüyə təqdim olunmuş sənədlərin ekspertizasını təmin etmək məqsədilə bölmələr üzrə ekspert komissiyalarının tərkibi müəyyən edilərək Rəyasət Heyətinə təqdim olunub.

Təqdim olunmuş sənədlərin ekspertizasını təmin etmək məqsədilə elmi bölmələrin vəsatətini nəzərə alaraq Rəyasət Heyəti müvafiq ekspert komissiyalarının yaradılması və tərkiblərinin təsdiqi haqqında qərar qəbul edib.

İclasda AMEA-nın Yalançı elmə qarşı mübarizə üzrə komissiyasının Əsasnaməsi də təsdiq olunub. Neft-Kimya Prosesləri və Polimer Materialları institutlarında direktor vəzifəsinə seçkilərin keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.Tədbirdə, həmçinin akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar AMEA-nın Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri ilə birgə hazırladığı Tədbirlər Planı  təsdiq edilib. Akademik Ağamusa Axundovun 85 illiyi münasibətilə bey­nəl­xalq konfransın təşkili və digər işlərin həyata keçirilməsi qərara alınıb. Bundan başqa, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin 70 illik, AMEA-nın müxbir üzvləri Akif Musayevin 70 illik və Tofiq Məmmədovun 60 illik yubileylərinin qeyd olunması ilə bağlı qərarlar qəbul edilib. Azərbaycan elminin inkişafındakı xid­mət­lə­ri nəzərə alınaraq, alimlərin AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, elmi sessiya və konfransların keçirilməsi qərara alınıb.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: