Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

10.02.2017 17:05
  • A-
  • A
  • A+

Abbasqulu ağa Bakıxanovun fəaliyyətindən bəhs edən kitabın təqdimatı olub

Abbasqulu ağa Bakıxanovun fəaliyyətindən bəhs edən kitabın təqdimatı olub

Bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu müəssisənin əməkdaşı İradə Vəzirovanın “Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Abbasqulu ağa Bakıxanovun tarix elminə və ictimai həyata, Azərbaycan maarifçiliyinə verdiyi töhfələrin, xüsusilə gənclər arasında yaydığı maarifçilik ideyalarının əhəmiyyətini vurğuladı.

A.Bakıxanov irsinin tədqiqində Əlyazmalar İnstitutunun əməkdaşlarının rolunu xüsusi qeyd edən P.Kərimov bildirdi ki, görkəmli ədibin 1934-cü ildən toplanmağa başlanmış şəxsi arxiv sənədləri institutun fondunda saxlanılır. Ədibin arxivi hazırda 57 saxlama vahidindən ibarətdir.

“Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabının məziyyətindən danışan P.Kərimov kitabda görkəmli alim, şair, mütəfəkkir, hərbi diplomat Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığına aid sənədlərin, onun haqqında yazılan məqalələrin təsvirinin verildiyini bildirdi. Alim qeyd etdi ki, “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış yeni nəşrdə ilk dəfə olaraq görkəmli ədibin şəxsi arxivində mühafizə olunan sənədlərin izahlı elmi təsviri verilir. Kitabın A.Bakıxanovun həyatı və fəaliyyəti ilə məşğul olan tədqiqatçılar üçün mühüm mənbə olduğunu söyləyən P.Kərimov bu cür dəyərli əsərin işıq üzü görməsi münasibətilə müəllifi təbrik etdi, ona yaradıcılıq uğurları arzuladı.

Sonra çıxış edən Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Əkrəm Bağırov bildirdi ki, Abbasqulu ağa Bakıxanov XIX əsrin birinci yarısında təşəkkül tapan Azərbaycan maarifçiliyinin əsas nümayəndəsi sayılmaqla yanaşı, Azərbaycan ədəbiyyatı tarixinə ensiklopedik biliyə malik görkəmli tarixçi, coğrafiyaşünas, astronom, şair və nasir kimi daxil olmuşdur. Alim nəşrdə A.Bakıxanova aid yüzdən çox məktub, təliqə, dörd arxiv iş qovluğu, “Müasirləri Bakıxanov haqqında” kitabının makina çapı, üç müqavilə, iki teleqram, üç raport, 23 elmi məqalə, 31 məktub zərfi, beş şəkil və digər sənədlərin yer aldığını qeyd etdi.

Sonda müəllif İ.Vəzirova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi, nəşrin işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.AC

  • Paylaş: