Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli mətnşünas-dilçi alim
10.02.2017 09:08
  • A-
  • A
  • A+

Görkəmli mətnşünas-dilçi alim

Qədim tarixi olan mətnşünaslıq elmi keçən yüzilliyin ikinci yarısında Azərbaycanda daha da inkişaf edib təkmilləşərək geniş vüsət almış və bu sahədə bir çox görkəmli tədqiqatçılar nəsli yetişmişdir. H.Araslı, Ə.Əlizadə, Z.Bünyadov, Ə.Mirəhmədov, T.Məhərrəmov, Ə.Məmmədov və digər tanınmış ədəbiyyatşünas və tarixçi alimlərin mətnşünaslıq sahəsindəki səmərəli və məhsuldar fəaliyyəti məhz bu dövrə təsadüf edir. 

Azərbaycanda mətnşünaslığın inkişafında, xüsusilə də xalqımızın əvəzsiz mənəvi sərvəti sayılan əlyazma kitablarının toplanıb qorunması, araşdırılması və nəşr edilməsi sahəsində böyük xidmətləri olan görkəmli filoloq alimlərimizdən biri filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi mərhum Cahangir Qəhrəmanovdur. Tanınmış dilçi və ədəbiyyatşünas alim mənalı həyatının böyük bir hissəsini qədim yazılı abidələrin tədqiqi və nəşri işinə həsr etmişdir. Məhz buna görə də artıq neçə illərdir ki, Cahangir Qəhrəmanovun adı Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun adı ilə qoşa çəkilir və böyük ehtiramla yad edilir. Görkəmli mətnşünas alimin, xeyirxah insanın şərəfli və mənalı həyat yolunun böyük bir hissəsi məhz bu elm məbədinin divarları arasında keçmişdir. Onun neçə-neçə qalın əlyazma kitabları əsasında dəyərli araşdırmaları məhz burada ərsəyə gəlmiş, gələcək nəsillərə ərməğan edilmişdir. Cahangir Qəhrəmanov Əlyazmalar İnstitutunda uzun illər bu elm ocağına rəhbərlik etmiş, onun hərtərəfli inkişafı və yüksəlişi üçün çalışmışdır.

Cahangir Vahid oğlu Qəhrəmanov 10 fevral 1927-ci ildə Qəbələ şəhərində ziyalı ailəsində dünyaya göz açmış, orta təhsilini Bakıda almışdır. O, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı şöbəsini bitirdikdən sonra Moskva Dövlət Universitetinin aspiranturasında oxumuş və 1955-ci ildə “Azərbaycan ədəbi dilində fəlsəfə terminləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Bir neçə il indiki Bakı Slavyan Universitetində baş müəllim və dosent vəzifəsində işləyən gənc alimin qədim mənbələrə, xüsusilə də əlyazmalara olan dərin marağı çox keçmir ki, onu 1960-cı ildə Əlyazmalar Fonduna gətirir və həmin ildən ömrünün sonunadək taleyini bu müəssisə ilə bağlayır. C.Qəhrəmanov Əlyazmalar Fondunda çalışdığı illərdə (1960-1995) anadilli yazılı abidələrimizə xüsusilə böyük maraq göstərir. Bilavasitə həmin maraq və vurğunluğun nəticəsi olaraq 1964-cü ildə XV əsr Azərbaycan tərcümə abidəsi “Əsrarnamə”nin fotofaksimile çapını sanballı linqvistik oçerklə və sözlüklə birgə nəşr etdirir. Qeyd edək ki, “Əsrarnamə”nin sözügedən nəşri Azərbaycanda bu yöndə yerinə yetirilən ilkin elmi işlərdən biri sayılır. Cahangir Qəhrəmanovun mətnşünaslıq sahəsində səmərəli elmi araşdırmalarının ən böyük uğuru və nailiyyəti isə Azərbaycan şairi və mütəfəkkiri Seyid İmadəddin Nəsiminin türkcə divanının elmi-tənqidi mətninin tərtibi və nəşri ilə bağlıdır. Mətnşünas alim Nəsimi divanının Bakı, Sankt-Peterburq, Daşkənd və İrəvan şəhərlərində saxlanılan əlyazmaları, eləcə də əski çap kitabları və başqa qaynaqlar əsasında dünya mətnşünaslıq elmində ilk dəfə bu böyük sənətkarın əsərlərinin elmi-tənqidi mətnini yüksək peşəkarlıqla tərtib edərək onları kitab şəklində üç cilddə nəşr etdirmişdir. Cahangir Qəhrəmanovun bu dəyərli və sanballı araşdırması nəticəsində İmadəddin Nəsiminin indiyədək elm aləminə bəlli olmayan bir sıra əsərləri ilk dəfə üzə çıxarılmış və nəşr olunmuşdur. Gərgin elmi axtarışların layiqli bəhrəsi olan bu tədqiqatına görə C.Qəhrəmanov 1969-cu ildə filologiya elmləri doktoru alimlik dərəcəsi adını almışdır. Mətnşünas alimin yüksək elmi səviyyəsi ilə seçilən və böyük nəzəri-praktik əhəmiyyət daşıyan bu araşdırması dünya şərqşünasları, türkoloqları tərəfindən yüksək dəyərləndirilmiş və müəllifinə böyük şöhrət qazandırmışdır. Yeri gəlmişkən qeyd edək ki, 1978-ci ildə Moskvaya elmi ezamiyyətə gedərkən məşhur türkoloq alim professor Əmir Nəcibin evində olarkən alimin masaüstü kitabları sırasında Cahangir müəllimin “Nəsimi “Divan”ının leksikası” kitabını da gördüm. 2005-ci ildə isə Təbrizdə İran İslam Respublikasının məşhur ədəbiyyatşünas alimi “Süxənvərani-Azərbaycan” (Azərbaycan söz ustaları) kitabının müəllifi Əziz Dövlətabadi ilə görüş zamanı o, professor Cahangir Qəhrəmanovun adını böyük ehtiramla çəkdi. Bütün bunlar sübut edir ki, professor Cahangir Qəhrəmanov Azərbaycanın hüdudlarından kənarda da dəyərli alim kimi tanınır.

C.Qəhrəmanov Nəsimi divanının elmi-tənqidi mətni üzərində işləyərkən tədqiqata cəlb etdiyi əlyazmaların dilçilik baxımından araşdırılmasına daha geniş yer vermiş və bununla da əslində, Azərbaycan mətnşünaslığında yeni bir sahənin - linqvistik mətnşünaslığın əsasını qoymuşdur. Sonralar görkəmli alimin bilavasitə rəhbərliyi ilə yerinə yetirilən bir sıra mətnşünaslıq yönlü araşdırmalarda bu məsələyə geniş yer ayrılmışdır. Bu yöndə aparılan mətnşünaslıq işləri ədəbiyyat tarixi ilə yanaşı, ədəbi dil tarixinin araşdırılması baxımından da böyük əhəmiyyət daşıyır.

C.Qəhrəmanovun özünün hazırladığı və onun iştirakı ilə tərtib edilib nəşr olunan çoxsaylı kitabları sırasında İmadəddin Nəsimi, Nemətullah Kişvəri (XV əsr), Suli Fəqih (XIV əsr), Mustafa Zərir (XIV əsr), Füzuli kimi söz ustalarının, eləcə də dövrünün görkəmli ədəbiyyatşünası kimi tanınan Hüseyn Əfəndi Qayıbov kimi sənətkarların əsərləri xüsusilə əhəmiyyətlidir. Adı çəkilən müəlliflərdən bəzilərinin əsərləri məhz professor C.Qəhrəmanovun təşəbbüsü və səmərəli elmi fəaliyyəti nəticəsində üzə çıxarılmış, araşdırılmış və ilk dəfə nəşr edilmişdir.

Görkəmli mətnşünas alim Cahangir Qəhrəmanov həm də bacarıqlı və işgüzar elm təşkilatçısı, təşəbbüskar, yenilikçi idi. 1972-ci ildən başçılıq etdiyi Əlyazmalar Fondunun əsl elmi müəssisə statusu qazanmasında, elmi kadr potensialının güclənməsində, nəhayət, elmi-tədqiqat institutuna çevrilməsində onun xidmətləri danılmazdır. C.Qəhrəmanovun elmi-təşkilatçılıq fəaliyyəti sayəsində qısa müddət ərzində həm Əlyazmalar İnstitutunun fondu daha da zənginləşərək dünya miqyasında tanınmağa başlayır, həm də bu elmi müəssisəyə yeni cəlb olunan gənc və yüksək ixtisaslı mütəxəssislərin apardıqları elmi-tədqiqat işlərinin səviyyəsi artır, onların səsi-sorağı ölkənin hüdudlarını aşır.

Professor C.Qəhrəmanov Əlyazmalar Fonduna rəhbərlik etdiyi ilk illərdən peşəkar kadr hazırlığına xüsusi diqqət yetirir, gənc mütəxəssislərə qayğı və həssaslıqla yanaşırdı. Onun rəhbərliyi ilə 19 namizədlik dissertasiyası müdafiə edilmişdir. C.Qəhrəmanov həm də 2 doktorluq işinin elmi məsləhətçisi olmuşdur. Bir sıra görkəmli mütəxəssislərin etiraf etdikləri kimi, Cahangir müəllimin rəhbərliyi altında yerinə yetirilən elmi-tədqiqat işləri həmişə yüksək peşəkarlığı, elmi yeniliyi, ilkin və mötəbər qaynaqlar - əlyazmalar əsasında hazırlanması ilə seçilmiş, elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilmişdir.

Azərbaycanda əlyazmaşünaslıq, poleoqrafiya kimi yeni elm sahələrinin inkişafında professor C.Qəhrəmanovun böyük xidmətləri var. Keçən əsrin 70-80-ci illərində məhz onun təşəbbüsü, iştirakı və rəhbərliyi ilə indiyədək diqqətdən kənarda qalmış, qatı açılmamış bir sıra dəyərli əlyazmalar haqqında, adları yalnız ayrı-ayrı dar sahə mütəxəssislərinə bəlli olan Azərbaycan müəllifləri barədə yüzlərlə məqalə, onlarca kitab yazılmış, çoxlu elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Orta yüzilliklərdə yaşayıb yaratmış Əbdülhadi Bəvazici, Xətai Təbrizi, Həzini, Şərəfəddin Rami Təbrizi, Möhsün Nəsiri kimi Azərbaycan alimlərinin, tərcüməçilərinin və şairlərinin əsərləri, əlyazmaları haqqında araşdırmalar buna misal ola bilər. Məhz bu qəbildən olan yeni və səmərəli elmi axtarışlar, yüksək peşəkarlıqla yazılan tədqiqat əsərləri tez bir zamanda Əlyazmalar Fondunun şöhrətini artırdı və 1986-cı ildə onun bazası əsasında Əlyazmalar İnstitutunun yaradılması üçün zəmin yaratdı. Əlyazmalar İnstitutunun yaradılmasında Cahangir müəllimin özünün böyük qürur və iftixar hissi ilə dediyi kimi, o vaxtlar Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışan ümummilli lider Heydər Əliyevin böyük köməyi və dəstəyi olmuşdur.

Azərbaycan XX yüzillikdə yenidən müstəqilliyinə qovuşduqdan sonra C.Qəhrəmanov daha böyük coşqu ilə çalışır, rəhbərlik etdiyi Əlyazmalar İnstitutunun bir sıra xarici ölkələrdə fəaliyyət göstərən əlyazma mərkəzləri ilə əlaqələrinin daha sıx qurulması, onun beynəlxalq aləmdə daha geniş tanıtdırılması, Azərbaycan maddi-mədəniyyət abidələrinin xaricdə təbliği, elmi kadrların təcrübə mübadiləsi, müştərək nəşrlər və s. kimi məsələlərlə bağlı səmərəli fəaliyyət göstərirdi.

Cahangir müəllim böyük vətənpərvər, xalqını, onun maddi-mədəniyyət abidələrini, əlyazmaları sonsuz məhəbbətlə sevən bir ziyalı idi. Cahangir müəllim olduqca qayğıkeş bir insan idi. Başçılıq etdiyi kollektivin hər bir üzvünün şəxsi həyatı, gündəlik qayğıları ilə maraqlanır, lazımi köməyi əsirgəmirdi. Məhz buna görə də kollektivin üzvləri onu ürəkdən sevir, xətrini əziz tuturdular.

Professor Cahangir Qəhrəmanov 69 illik həyatının 45 ilini Azərbaycan filologiya elminin inkişafına həsr etmiş, bu yolda bütün güc və bacarığını əsirgəməmişdir. O, özündən sonra xalqına tükənməz və zəngin bir xəzinə qoyaraq əbədiyyətə qovuşdu.

Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvi, professor, filologiya elmləri doktoru

"Azərbaycan" qəzeti, 10 fevral 2017-ci il

  • Paylaş: