Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

03.02.2017 16:37
  • A-
  • A
  • A+

AMEA-nın Alimlər Evində görkəmli yazıçı və alim Kamal Abdullayevlə görüş keçirildi

AMEA-nın Alimlər Evində görkəmli yazıçı və alim Kamal Abdullayevlə görüş keçirildi

Fevralın 3-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Alimlər Evinin təşkilatçılığı ilə görkəmli yazıçı və ictimai xadim, dilşünas, ədəbiyyatşünas, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevlə görüş keçirildi.

Əvvəlcə tədbir iştirakçıları akademik Kamal Abdullayevin əsərlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə alimin müəllifi olduğu kitablarla yanaşı, haqqında yazılmış monaqrafiyalar və dövri mətbuat yazıları da nümayiş etdirildi.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Alimlər Evində müxtəlif tədbirlərin keçirildiyini söylədi. Görkəmli yazıçı və ictimai xadim Kamal Abdullayevin zəngin elmi və ədəbi yaradıcılığından, səmərəli ictimai fəaliyyətindən danışan akademik İ.Həbibbəyli alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmalarından, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatlarından söz açdı.

Kamal Abdullayev yaradıcılığına böyük marağın olduğunu qeyd edən AMEA-nın vitse-prezidenti onun əsərlərinin rus, fransız, ingilis, türk, gürcü, portuqal, yapon və başqa dillərə tərcümə edildiyini diqqətə çatdırdı.

Sonra akademik Kamal Abdullayev elmi və ədəbi fəaliyyətinin əsas istiqamətləri, həmçinin müxtəlif janrda yazdığı bədii əsərləri barədə məlumat verdi. Məqsədyönlü fəaliyyət nəticəsində multikulturalizmin bu gün ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırıldığını deyən K.Abdullayev hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda yaşayan xalqların dillərinin qorunması, mədəniyyətlərinin inkişafı istiqamətində böyük işlər görüldüyünü söylədi.

Akademik Kamal Abdulla diqqətə çatdırdı ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini “Multikulturalizm İli”nin məntiqi davamı hesab etmək olar. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii bir davamıdır. Bu istiqamətdə yeni hədəflər gələcəkdə Azərbaycan mədəniyyətinin də yeni müstəvidə özünü göstərməsinə gətirib çıxaracaq.

Daha sonra Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış edərək yazıçının yaradıcılığında fəlsəfi dünyagörüş, humanizmi müdafiə meyilləri, Azərbaycanda multikulturalizm fəlsəfəsinin inkişafına müstəsna xidmətlərindən danışdı.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün NağısoyluMemarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova və başqaları çıxış edərək akademik Kamal Abdullayevin Azərbaycan dilinin sintaksisinə dair elmi araşdırmalarından, umumilikdə dilimizin və mədəniyyətimizin təbliği ilə bağlı gördüyü işlərdən söz açdılar.

Sonda K.Abdullayev görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırdı.

Tədbir çərçivəsində görkəmli yazıçının həyat və yaradıcılığından bəhs edən film də nümayiş etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: