Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun yeni kitabı Türkiyədə çapdan çıxıb
03.02.2017 12:31
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun yeni kitabı Türkiyədə çapdan çıxıb

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun yeni kitabı çapdan çıxıb. “Şirazi və onun Gülşən-i Raz Tərcüməsi” adlı kitab Türkiyənin Ankara şəhərində “Manas” nəşiyyatında işıq üzü görüb.

Şirazi XV əsr Azərbaycan – Türk ədəbiyyatının az tanınmış söz ustalarından biridir. Şairin günümüzə qədər çatmış , təsəvvüf mövzusunda yazdığı türkcə şeirlərinin sayı çox deyildir. Lakin Şiraziyə böyük şöhrət qazandıran əsəri “Gülşəni-Raz “ tərcüməsidir.

Şirazinin XIV əsrin böyük Azərbaycan təsəvvüf şairi Şeyx Mahmud Şəbüstərinin eyniadlı kitabından 1426-cı ildə sərbəst tərcümə yolu ilə türk dilinə çevrilmiş  “Gülşəni – Raz”ı  əsəri təsəvvüf haqqında qələmə alınmış dəyərli mənbədir.

Dünyanın müxtəlif kitabxanalarında Şirazinin tərcümə əsərlərinin  əski əlyazma nüsxələrinin mövcudluğu  onun orta əsrlərdə də məşhur olduğunu təsdiq edir.

Şair-mütərcimin “Gülşəni-Raz”  əsəri dilin sadəliyi, axıcılığı və yüksək poetik özəllikləri ilə seçilir. Məsnəvi şəklində qələmə alınmış bu əsərin diqqəti cəlb edən cəhətlərindən biri onun dilində çoxlu sayda türkköklü əski sözlərin işlənməsidir.

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun Türkiyə oxucularına ilk dəfə təqdim olunan bu kitabında “Gülşən-i Raz” tərcüməsilə bağlı filoloji və linqvopoetik tədqiqatla yanaşı, əsərin mətni də verilib.

“Şirazi və onun Gülşən-i Raz Tərcüməsi” əsəri 3 fəsildən ibarətdir. Birinci fəsil Şəbüstərinin “Gülşəni Raz” əsəri və onun Türkcəyə ilk klassik tərcüməsi adlanır. Burada tərcümənin əlyazmaları haqqında məlumatlar öz əksini tapır.

İkinci fəsil “Gülşəni-Raz tərcüməsi və onun farsca əslinin müqayisəli-linqvistik təhlili”nə həsr edilib.

“Gülşəni-Raz” tərcüməsinin dil-üslub özəllikləri əsərin üçüncü fəslində yer alıb.

Kitabın redaktoru Gönül Mirzədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: