Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsində qarşıda duran vəzifələr müzakirə olunub
19.01.2017 12:47
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində qarşıda duran vəzifələr müzakirə olunub

AMEA Naxçıvan Bölməsində bu qurumun qarşısında duran vəzifələrə və Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasının yekunlarına həsr olunan tədbir keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev ötən ilin Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası üçün uğurlu nəticələrlə yadda qaldığını söyləyib.

Dövlət müstəqilliyinin bərpasından sonra elm sahəsinə göstərilən diqqət və qаyğıdan danışan alim ötən il bölmənin elmi-tədqiqat müəssisələrində müvafiq istiqamətlər üzrə aparılan tədqiqat işlərinin nəticələrindən bəhs edib. Bildirib ki, elmi-tədqiqat işləri 23 monoqrafiya, 15 kitab, 4 metodik vəsait, 560 elmi məqalə və konfrans materialı, 15 tezis olmaqla 617 elmi əsərdə öz əksini tapıb. Əsərlərdən 3 monoqrafiya, 1 kitab, 137 elmi məqalə və konfrans materialı, 7 tezis olmaqla 148-i xaricdə çap olunub.

Diqqətə çatdırılıb ki, ötən il 29 elmi məqalə impakt faktorlu jurnallarda nəşr olunub ki, bu rəqəm 2015-ci ildə 23 olub. Hesabat ilində bölmə əməkdaşları 1 beynəxalq, 4 respublika səviyyəli qrant layihələrində iştirak edərək qalib olublar. Bölmənin 48 əməkdaşı respublika və xaricdə 25 beynəlxalq simpozium və konfransda məruzələrlə çıxış edib.

Ötən il Naxçıvan Bölməsinin humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından olan “Xəbərlər” jurnalının, o cümlədən “Axtarışlar” jurnalının 4 nömrəsi çap olunub. Bölmənin Rəyasət Heyətində 26 kitab və monoqrafiyanın nəşr edilməsi tövsiyyə olunub. Bundan əlavə “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-etnoqrafik atlası, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi çapa hazırlanıb.

İ.Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənovun “2017-ci il Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi üçün işdə ciddi dönüş ili olmalı, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülməlidir” - sözlərini xatırladaraq qeyd edib ki, cari ildə bəzi əməkdaşlar öz işlərində dönüş yaratmalı, mövcud çatışmazlıqların, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görməlidirlər.

Tədbirdə çıxış edən bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov müşavirədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün rəhbərlik etdikləri elmi-tədqiqat institutlarının fəaliyyətini daha da gücləndirəcəklərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: