Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

18.01.2017 13:13
  • A-
  • A
  • A+

AMEA-da "Zamanın sorağında" kitabının təqdimatı olub

AMEA-da "Zamanın sorağında" kitabının təqdimatı olub

Bu gün AMEA-nın Əsas binasında A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunmuş "Zamanın sorağında" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Bakı milyonçusu Ağa Musa Nağıyevdən bəhs edən yeni nəşrin əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür kitablar tarixi şəxsiyyətlərin həyatının öyrənilməsi, onlar haqqında gələcək nəsillərə dolğun məlumatların çatdırılması baxımından çox önəmlidir.

Diqqətə çatdırlıb ki, kitabın müəllifi Ağa Musa Nağıyevin nəvəsi və tədqiqatçısı Dilarə Ağamusa Nağıyeva, elmi redaktoru isə akademik Arif Həşimovdur.

Daha sonra çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova qeyd edib ki, ictimaiyyətə təqdim olunan kitabda Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyəti kompleks şəkildə tədqiq olunmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı neft sənayesinin canlanmasının mədəni və ictimai həyata təsiri, Azərbaycan milyonçuları arasında öz vətənpərvərliyi, xeyirxahlığı ilə seçilən Ağa Musa Nağıyevin həyat və fəaliyyətinin çox hissəsi tarixi sənədlər əsasında öyrənilmişdir.

"Azərbaycanda xeyriyyəçilik tarixdən gələn ənənədir"- deyən N.Axundova bildirib ki, kitabda milyonçunun keçdiyi kəşməkəşli həyat yolu tam şəkildə əks olunmuş, onun millət yolunda gördüyü işlərə geniş yer verilmişdir.

Tədbirdə Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun "Ağa Musa Nağıyev: Azərbaycanın böyük sənayeçisi", həmin institutunun aparıcı elmi işçisi Sevinc Mustafayevanın "Məşhur xeyriyyəçi Ağa Musa Nağıyev" mövzusunda məruzələri dinlənilib.

Milli Məclisin deputatları Qənirə Paşayeva, Jalə Əliyeva, Dilarə Cəbrayılova və başqaları çıxış edənlər Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyətindən bəhs edən "Zamanın sorağında" kitabının sanballı tədqiqat əsəri olduğunu bildiriblər. Qeyd olunub ki, Bakının arxitekturasına gözəllik verən, tikdirdiyi binaların və vəsaitinin hesabına görə Ağa Musa Nağıyev 11 milyonçular sırasında birinci olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: