www.science.az
17.01.2017 16:52

“Folklor və dövlətçilik düşüncəsi” kitabı nəşr olunub

AMEA Rəyasət Heyətinin qərarı ilə “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramların folklor baxımından genezisi” tədqiqat proqramı çərçivəsində “Folklor və dövlətçilik düşüncəsi” kitabı nəşr olunub. 

AMEA-nın Folklor İnstitutu tərəfindən çap olunmuş kitab tarixi və müasir türk dövlətlərinin və türk xalqlarının, o cümlədən Azərbaycanın dövlət mərasim və bayramlarının tarixi, folklor semantikası və ideyası haqqında elmi qənaətləri əks etdirir.

Nəşrdə Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzv Muxtar İmanovun “Dövlətçilik düşüncəsinin əsas istiqamətləri və folklor” adlı yazısında dövlətçiliyin əsas amilləri olan xalq, Vətən, hakimiyyət və ordu folklorda ideallaşdırılmış şəkildə təqdim edilir.

Kitabda, həmçinin fil.ü.e.d. Füzuli Bayatın “Türk dövlətçilik ənənəsi və idarəetmə ritualları”, fil.ü.e.d. Seyfəddin Rzasoyun “Əcdad kultu və Oğuz dövlətçilik ənənəsi”, fil.ü.e.d. Əfzələddin Əsgərin “Tuğa (bayrağa) qurban mərasimi”, fil.ü.f.d. Sərxan Xavərinin “Milli mədəniyyət kontekstində folklor və dövlətçilik”, fil.ü.f.d. Ağaverdi Xəlilin “Türk xalqlarının mərasim folkloru və dövlətçilik”, fil.ü.f.d. Elçin Abbasovun “Qədim türklərin dəfn mərasimləri xalq inamları kontekstində”, fil.ü.f.d. Oruc Əliyevin “Azərbaycan nağıl və dastanlarında dövlətçiliklə bağlı mərasimlərin izləri” və digər mövzularda materiallar yer alıb.

Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.