www.science.az
17.01.2017 11:04

Azərbaycanlı alimlərin iştirak etdiyi layihənin rəhbəri “Paul G.Silver – 2016” mükafatına layiq görülüb

Tanınmış alim, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun “Şərqi Aralıq dənizi və Qafqazın geodinamikası” layihəsinin rəhbəri, doktor Robert Reilinger ABŞ-ın San-Fransisko şəhərində keçirilən Amerika Geofizika Birliyinin payız iclasında “Paul G.Silver – 2016” mükafatına layiq görülüb.

Qeyd edək ki, sözügedən mükafat geodeziya, seysmologiya və tektonofizika sahəsindəki töhfələrə görə təqdim olunur.

Robert Reilinger bu mükafata müxtəlif ölkələrin gənc alim və mütəxəssislərini tədqiqata cəlb etdiyinə, eləcə də Şərqi Aralıq dənizi və Anadolu bölgəsi, Qərbdə Mərakeş, Şərqdə Azərbaycan, şimalda Qara dəniz, cənubda isə Efiopiyanı əhatə edən böyük geodeziya rəsədxanası yaratdığı üçün layiq görülüb.

Alim, həmçinin bir sıra ölkələrin mütəxəssisləri ilə müvafiq sahələrdə elmi əlaqələrin yaradılması istiqamətində səmərəli iş aparır. AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru Samir Məmmədov (Azərbaycan), Valentine Kotzev və Ivan Georgiev (Bolqarıstan), Mixail Prilepin (Qafqaz, Rusiya), Əli Tealeb və Salah Mamud (Misir), Fikrət Bendick və Şimelis Fiseha (Efiopiya) və digər alimlər R.Reilingerin layihəsində yaxından iştirak edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.