www.science.az
12.01.2017 14:52

Folklor İnstitutunun 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

AMEA-nın Folklor İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov tədbirin rəhbərlik etdiyi elmi müəssisənin 2016-cı ildəki elmi və elmi-təşkilat fəaliyyətinin yekunlarına həsr olunduğunu bildirib.

Sonra institutun elmi katibi, fil.ü.f.d., dos. Elçin Abbasov elmi tədqiqat müəssisəsində 2016-cı ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatla çıxış edib. O, hesabat ilində bu qurumda həyata keçirilən tədbirlərin hesabatını təqdim edərək folklorun müasir elmi nailiyyətlər səviyyəsində toplanması, tərtib-nəşr edilməsi və öyrənilməsi sahəsində dəyərli işlərin görüldüyünü nəzərə çatdırıb. Bildirib ki, institutun yerinə yetirdiyi işlərin böyük qismi Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, eləcə də Dövlət proqramlarının icrası ilə bağlı olub. Cari ildə institutda 2 beynəlxalq elmi konfrans, 2 respublika səviyyəli elmi konfrans, 2 elmi sessiya, 1 bayram tədbiri, 1 dəyirmi masa və 2 təqdimat mərasimi təşkil edilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına əsasən, AMEA Folklor İnstitutu tərəfindən Zaqatalada “Azərbaycan folkloru və mədəni müxtəliflik”, Qusarda isə “Xalq yaradıcılığında multikulturalizm” mövzusunda elmi-praktik konfranslar keçirilib. Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların milli-mənəvi dəyərlərinin – folklorunun toplanması, nəşri və tədqiqi məqsədilə institutda “Azsaylı xalqların folkloru” şöbəsi yaradılıb. 

Həmçinin Azərbaycanın multikultural dəyərlərini əks etdirən "Zaqatala folklor örnəkləri", "Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm" kitabları çap olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar 10 iyun 2016-cı il tarixində “I Türkoloji Qurultay – 90. Görünən və görünməyən tərəflər” mövzusunda elmi sessiya keçirib. 2017-ci ildə Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunları təşkili barədə Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə əlaqədar “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans təşkil edib.

Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında” Sərəncamının icrası ilə əlaqədar institut tərəfindən “Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçirilib.

E.Abbasov həyata keçirilmiş elmi-tədqiqatların mühüm nəticələrinə dair çıxış edərək diqqətə çatdırıb ki, 2016-cı ildə institutda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 7 mövzu, 46 iş əsasında tədqiqatlar aparılmış, onlardan plana uyğun olaraq 28 iş tamamlanmışdır. O, həmçinin institut əməkdaşlarının nəşriyyat fəaliyyəti, xarici ölkələrdə işıq üzü görən kitablar, qurumun iştirak etdiyi elmi-tədqiqat proqramları və beynəlxalq əlaqələrinə dair geniş məlumatları diqqətə çatdırıb.

Bildirilib ki, hesabat ilində institutda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları" və "Folklor və dövlətçilik düşüncəsi" I və II kitabları nəşr olunub. İki kitabdan ibarət elmi araşdırmalar toplusunda türk dövlət simvol, etiket və mərasimlərinin genezisi, arxaik semantikası, onun folklor təcəssümü və ən qədim dövrlərdən müasir dövrümüzədək keçdiyi inkişaf yolları öyrənilib.

Həmçinin ötən il “Qarabağ: folklor da bir tarixdir” kitabının X cildi hazırlanıb. Bu cilddə əsasən Bakıda və Abşeron yarımadasında məskunlaşmış Zəngilan, Şuşa, Kəlbəcər, Laçın, Cəbrayıl məcburi köçkünlərindən toplanmış folklor materialları yer alıb. 

Bundan başqa, institut tərəfindən 2016-cı ildə “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” proqramı cərçivəsində "Folklor və dövlətçilik düşüncəsi" kitabı çap edilib. İnstitutun nəzdindəki “İrs” folklor ansamblının repertuarını əks etdirən 2 CD-dən ibarət albom hazırlanıb.

Qeyd olunub ki, Folklor İnstitutunda hesabat ilində elmlər doktoru proqramı üzrə 3 (qiyabi) doktorant, 11 dissertant, fəlsəfə doktoruluğu üzrə 16 (7 əyani, 9 qiyabi) doktorant, 13 dissertant hazırlıq keçib.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu çıxış edərək Folklor İnstitutunun 2016-cı ildəki fəaliyyətinə dair hesabatı yüksək dəyərləndirib. AMEA-nın müxbir üzvü Muxtar İmanov növbəti ildə də institutun qarşıya qoyduğu məsələlərin həllində həmişə olduğu kimi inamla çalışacağına əminliyini bildirib.

Məruzə ətrafında geniş müzakirələr aparıldıqdan sonra hesabat qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.