Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Qərib Məmmədovun anadan olmasının 70, elmi-təşkilati  fəaliyyətinin 45 ili tamam olur
05.01.2017 12:08
  • A-
  • A
  • A+

Akademik Qərib Məmmədovun anadan olmasının 70, elmi-təşkilati fəaliyyətinin 45 ili tamam olur

Yanvarın 6-da ölkəmizdə torpaqşünaslıq, ekologiya, torpaqların aqroekologiyası və bonitirovkası sahəsində görkəmli alim, BDU-nun Torpaqşünaslıq kafedrasının müdiri, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədovun 70 yaşı tamam olur.

Qərib Məmmədov 6 yanvar 1947-ci ildə Ermənistan Respublikasının Ağbaba mahalının Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. 1965-ci ildə Amasiya rayonunda orta məktəbi müvəffəqiyyətlə başa vurmuş, 1966-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsinə daxil olmuş, həmin fakültənin komsomol təşkilatının katibi və tələbə elmi cəmiyyətinin üzvü olmuşdur. 1970-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlamış, sonralar isə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya rəhbəri, institutun direktoru vəzifələrində çalışmışdır. 

1979-cu ildə aqrar elmlər üzrə fəlsəfə doktoru, 1992-ci ildə ekologiya ixtisasi üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Q.Məmmədov 1996-cı ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 1997-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin, 2001-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuşdur. 

2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq kafedrasının müdiridir. 2011-2016-cı illərdə AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi olmuşdur. 2016-cı ildən AMEA-nın aqrar məsələlər üzrə müşaviridir.

Azərbaycan torpaqlarının aqroekoloji problemlərinin görkəmli tədqiqatçısı akademik Qərib Məmmədov ömrünün 45 ilə yaxın bir dövrünü elmin inkişafına həsr etmiş, bu sahədə müstəqil dövlətimizin güclənməsi naminə şərəflə xidmət göstərmişdir. O, Azərbaycanın təbiətşünaslıq və ekologiya elminin tanınmış nümayəndəsi, bu sahədə əbədiyaşar alimimiz, akademik Həsən Əliyevin layiqli davamçısıdır. Alimin tədqiqatları təkcə torpaqşünaslıq və ekologiya üzrə deyil, torpaqların coğrafiyası, meliorasiyası, rekultivasiyası, mühafizəsi, aqroekologiyası, aqrokimyası və digər elm sahələrinin inkişafı ilə də bağlıdır. Bilavasitə onun rəhbərliyi ilə Azərbaycanda torpaqların aqroekoloji qiymətləndirilməsi elmi məktəbi yaradılmışdır.

Akademik tərəfindən Azərbaycan Respublikası üzrə torpaqların aqroekologiyası və bonitirovkası, torpaqların ekoloji münbitlik modelləri, torpaqların coğrafi-yayılma qanunauyğunluqları müəyyən edilmiş və xəritələşdirilməsi aparılmış, torpaq örtüyü strukturası (TÖS) tədqiq edilmişdir. Həmçinin landşaft komplekslərinin və torpaq kadastr rayonlarının ekoloji qiymətləndirilməsi, ekoloji monitorinqi aparılmış, ekoloji qiymət xəritəsi və 3 dildə (Azərbaycan, rus, ingilis) Ekoloji atlaslar və ilk dəfə olaraq Azərbaycanın ekoloji konsepsiyası hazırlanmışdır. İlk dəfə relyef plastikası əsasında Azərbaycan Respublikasının yeni torpaq xəritəsi və Torpaq atlası hazırlanmış, məkan məlumatlarının idarəolunması və torpaq inzibatçılığı, torpaqların ekoetik problemləri və onların həlli yolları verilmişdir.

2014-cü ildə akademik Q.Məmmədovun məsul katibliyi ilə çap olunmuş Azərbaycan Respublikasının Milli Atlasının respublika səviyyəsində geniş təqdimatı keçirilmişdir. Azərbaycanda ilk dəfə çap edilən Milli Atlas irimiqyaslı kartoqrafik əsər kimi dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir.

Alimin kadr hazırlığı sahəsində də böyük xidmətləri vardır. Onun rəhbərliyi ilə 52 fəlsəfə və 11 elmlər doktoru hazırlanmışdır. Hazırda o, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə  dissertant və doktorların elmi rəhbəri kimi kadr hazırlığı işlərini davam etdirir.

Q.Məmmədovun elmi fəaliyyətinin əsas nəticələri 700-ə yaxın elmi əsərdə, o cümlədən monoqrafiya, metodiki tövsiyələr, xarici ölkələrdə  və respublikada dərc edilən resenziyalı jurnallarda, beynəlxalq elmi konfransların materiallarında çap olunmuşdur.

O, respublikamızdan kənarda, o cümlədən ABŞ, Avropa, MDB, Yaxın və Orta Şərq ölkələrində bir çox beynəlxalq səviyyəli tədbirlərdə, eləcə də konfrans və simpoziumlarda iştirak etməklə ölkənin torpaqşünaslıq və ekologiya elm sahələrini layiqincə təmsil etmişdir.

Görkəmli alimin elmi fəaliyyəti müvafiq beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilmiş və o, bir sıra elmi cəmiyyətlərin üzvü seçilmişdir: Q.Məmmədov Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1992), Dünya Torpaqşünaslar Cəmiyyəti İttifaqının daimi üzvü (1998), V.V.Dakuçayev adına Ümumrusiya Torpaqşünaslar Cəmiyyətinin üzvü (1994), Beynəlxalq Noosfer Akademiyasının akademiki (2001), Rusiya Təbiət Elmlər Akademiyasının akademiki (2001),  Avropa Beynəlxalq Akademiyasının həqiqi üzvü (Avstriya, 2001), Moldova Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvüdür. O, 1998-ci ildən Həsən Əliyev adına Ekologiya Fondunun sədridir.

Akademik 2001-ci ildən Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin prezidenti, 2002-ci ildən isə Milli Ensiklopediya Şurasının üzvüdür. 2011-ci ildən isə Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının həmsədridir.

Q.Məmmədov elmi-pedaqoji və dövlət qulluğu sahəsində nailiyyətlərinə görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Bürünc medalı, V.V.Dakuçayev adına medalla, Rusiya Elmlər Akademiyasının fəxri diplomu, Azərbaycan--Amerika Mədəniyyət Mərkəzinin fəxri fərmanı, Həsən Əliyev adına mükafat, fəxri diplom və medal, Kembric Universitetinin sertifikatı  və "Əsrin tanınmış alimi" beynəlxalq diplomu, eləcə də bir sıra orden və medallarla təltif olunmuşdur.

Respublikamızda torpaq islahatının aparılmasında və torpaq ehtiyatlarından səmərəli istifadəsində xidmətlərinə görə Avrasiya Araşdırma Mərkəzinin “Qızıl Kürə” Milli Mükafatı ilə təltif  edilmişdir.

Ölkəmizdə torpaqşünaslıq və ekologiya elminin inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycan aqrar elminin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: